Bakı. Trend:
Slovakiyada Milli Şuraya (parlament) keçirilən seçkilərdə səsvermə yerli vaxtla saat 23:00-da başa çatıb.
Trend-in məlumatına görə, bu barədə seçkilər və siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət üzrə dövlət komissiyasından bildiriblər.
Məlumata əsasən, yerli vaxtla saat 22:00-da başa çatmalı olan səsvermə məntəqələrdən birində seçki komissiyasının üzvlərindən birinin ölümü səbəbindən 1 saat gec başa çatıb.
Bildirilir ki, səsvermə zamanı respublikanın 2926 yaşayış məntəqəsində 5998 seçki məntəqəsi fəaliyyət göstərib.
Seçkilərdə 23 partiya və 1 partiya koalisiyası iştirak edir. Seçkilərin rəsmi nəticələrinin bu gün bəyan ediləcəyi gözlənilir.
Qeyd edək ki, təxminən 5,4 milyon əhalisi olan Slovakiyada 4 445 000 vətəndaş səsvermə hüququna malikdir.