Bakı. Elnur Bağışov - Trend:
İranda yeni koronavirusun yayılması ilə əlaqədar indiyədək 85 min məhbus müvəqqəti olaraq evə buraxılıb.
Bunu İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüsen İsmaili mətbuat konfransında deyib. Bu barədə Trend Tasnim informasiya agentliyinə istinadən məlumat verib.
Q.İsmailinin sözlərinə görə, bu, İranda məhbusların 50%-dən çoxu deməkdir.
İsmaili əlavə edib ki, vətəndaşlar üçün təhlükə yarada biləcək məhbuslar, o cümlədən silahlı qarət, kimyəvi turşular səpən müttəhimlər, insan oğurluğu və böyük ölçüdə fırıldaqçılıqla əlaqədar müttəhimlər müvəqqəti buraxılmayıblar.
“Bundan əlavə həbsxanalarda məhbusların sağlamlığı ilə əlaqədar davamlı şəkildə səhiyyə tədbirləri görülür” –deyə o qeyd edib.
Qeyd edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (16 mart) 14 991 nəfərin yeni koronavirusa yoluxduğunu, 853 nəfərin öldüyünü, 4 996 nəfərin sağaldığını təsdiqləyib.