...

BƏƏ ABŞ ilə 23 milyard dollarlıq razılaşmadan imtina edə bilər

Dünya xəbərləri Materials 15 Dekabr 2021 06:18 (UTC +04:00)
BƏƏ ABŞ ilə 23 milyard dollarlıq razılaşmadan imtina edə bilər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-dan 23 milyard dollarlıq silahların alınması ilə bağlı razılaşmadan imtina edə bilər.

Trend-in məlumatına görə, bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən xəbər verir.

Mənbələrin sözlərinə görə, buna səbəb ABŞ tərəfinin BƏƏ-yə Çindən uzaqlaşması üçün irəli sürdüyü tələblər ola bilər.

Bildirilir ki, BƏƏ-nin rəhbərliyi ABŞ-ın qoyduğu şərtləri çox ağır hesab edir. Bununla əlaqədar Əbu-Dabi hakimiyyətinin nümayəndələri ABŞ rəhbərliyinə tələblərin ləğv edilmədiyi təqdirdə BƏƏ-nin razılaşmadan çıxacağı ilə bağlı təhdidlərdən ibarət məktub göndəriblər.

Mənbələr ABŞ tərəfinin BƏƏ-dən məktub aldığını təsdiq edib. Eyni zamanda, qəzet razılaşmanın pozulmayacağını və məktubun BƏƏ nümayəndə heyətinin Pentaqonda danışıqlar üçün ABŞ-a səfəri ərəfəsində Əbu-Dabinin strateji gedişi olduğunu istisna etmir.

Daha əvvəl "Bloomberg" bildirib ki, ABŞ BƏƏ-ni təzyiqlərlə dörd il ərzində ölkənin informasiya şəbəkələrində istifadə olunan Çinin "Huawei Technologies" şirkətinin avadanlıq və texnologiyalarından imtina etməyə məcbur edir. Agentliyin mənbələrinə görə, Əbu-Dabi isə Çin məhsullarından imtina üçün daha uzun müddətin verilməsini və alternativ texnologiya olaraq Cənubi Koreya şirkətlərindən birinin texnologiyalarının təmin edilməsini istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti