...

İranda etiraz aksiyaları nəticəsində dəyən ziyan açıqlanıb

Dünya xəbərləri Materials 4 Dekabr 2022 11:20 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Hesablamalara əsasən, İranda 18 sentyabrdan etibarən keçirilən etiraz aksiyaları nəticəsində bir vilayət istisna olmaqla indiyədək 17 trilyon rial (təxminən 405 milyon dollar) dəyərində dövlət və özəl müəssisələrə, avtomobil, mənzillərə və sairə ziyan dəyib.

Trend-in məlumatına görə, bunu bazar günü İranın daxili işlər nazirinin müavini Məcid Mirəhmədi deyib.

M.Mirəhmədinin sözlərinə görə, bu arada mağazalar və satış iaşə obyektləri ya qarət olunub, ya da yandırılıb.

Mirəhmədi əlavə edib ki, istisna olunan vilayət Sistan və Bəluçestan vilayətidir. Bu vilayətin Zahidan şəhərində dəyən ziyan həddindən artıq çoxdur. Yaxın vaxtlarda bu şəhərə dəyən ziyan elan olunacaq.

Nazir müavini bildirib ki, sərhəd gömrüklərindən əldə edilən məlumatlara əsasən, son hadisələr ölkənin ticarət dövriyyəsinə də mənfi təsirlər göstərib. Ticarət dövriyyəsinin azalması ilə əlaqədar dövlət qurumlarında qiymətləndirmələr aparılır.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar keçirilməyə başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

Məhz bu hadisədən sonra İranda etiraz dalğası baş qaldırıb və etirazlar artıq müxtəlif sahələri, iqtisadiyyatı, sosial bərabərsizliyi, etnik bərabərsizliyi və s... əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti