Bakı. Trend:
İranın patrul kateri Hörmüz boğazında projektorları ilə ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin görmə məsafəsinə mane olmağa cəhd edib.
Trend-in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“İran gəmisi təhlükəli dərəcədə yaxından - Amerika gəmilərinin 150 yardından (137 metr) xüsusən də gecə saatlarında projektorla kapitan körpüsünə işıq salaraq görməyə mane olmağa çalışıb”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, İslam İnqilabı Keşikçiləri Korpusunun patrul kateri “təhlükəli və qeyri-peşəkar” hərəkət edib və dənizdə təhlükəsiz davranış üzrə beynəlxalq standartları pozub.
CENTCOM-un məlumatına görə, Amerika ekspedisiya gəmisi Lewis B. Puller və raket esminesi USS The Sullivans səsli xəbərdarlıqlar və təhlükəsiz lazerlərlə İran gəmisinə cavab verib.
ABŞ ordusunun məlumatına görə, insident dekabrın 5-də olub.
"Beynəlxalq sularda bu təhlükəli davranış İranın Yaxın Şərqdə sabitliyi pozan fəaliyyətlərinin göstəricisidir", - deyə CENTCOM-un sözçüsü polkovnik Co Buççino bildirib.