...

BMT Türkiyə və Suriyaya 25 milyon dollarlıq humanitar yardım ayırıb

Dünya xəbərləri Materials 8 Fevral 2023 00:49 (UTC +04:00)
BMT Türkiyə və Suriyaya 25 milyon dollarlıq humanitar yardım ayırıb

Bakı. Trend:

Çərşənbə axşamı BMT 6000-dən çox insanın həyatına son qoyan zəlzələlərdən sonra Türkiyə və Suriyaya 25 milyon dollarlıq humanitar yardım ayırdığını açıqlayıb.

Trend Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik jurnalistlərə açıqlamasında deyib.

"BMT-nin Fəlakətlərin Qiymətləndirilməsi və Koordinasiya Qrupları bu gün Adanadadır və Türkiyənin axtarış-xilasetmə qruplarına dəstək olmaq üçün sabah Qaziantepə gedəcək", - deyə S.Cüjarrik bildirib.

Onun sözlərinə görə, Türkiyədə zəlzələ qurbanları arasında suriyalı qaçqınlar da var. O qeyd edib ki, Türkiyədə zəlzələdən zərər çəkmiş 10 əyalətdə yaşayan 15 milyon nəfərdən 1,7 milyondan çoxu suriyalı qaçqınlardır.

"Türkiyə hökuməti bizdən nə istəsə, onu edəcəyik və mümkün qədər kömək etməyə çalışacağıq", - deyə S.Cüjarrik bildirib.

O, həmçinin Türkiyədən Suriyanın şimal-qərbinə gedən yolun zədələndiyini, zəlzələdən zərər çəkmiş bölgələrə humanitar yardımın müvəqqəti olaraq kəsildiyini bildirib.

Xatırladaq ki, ötən gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Son məlumatlara əsasən, zəlzələ nəticəsində 5 434 nəfər həlak olub, 31 777 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti