...

Tarixi təhrif etmək cəhdləri uğursuzluğa məhkumdur - Türkiyə XİN

Dünya xəbərləri Materials 24 Aprel 2023 19:28 (UTC +04:00)
Tarixi təhrif etmək cəhdləri uğursuzluğa məhkumdur - Türkiyə XİN

Bakı. Trend:

Heç bir əsası olmayan və beynəlxalq hüquq normalarına zidd bəyanatlarla tarixi təhrif etmək cəhdləri uğursuzluğa məhkumdur.

Trend xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bir sıra ölkələrin hakimiyyət nümayəndələrinin 1915-ci il hadisələri ilə bağlı açıqlamaları ilə əlaqədar bəyanatında deyilir.

XİN-dən bildirilib ki, 1915-ci il hadisələrini ayrı-ayrı ölkələrin daxili gündəliyi prizmasından qəbul etmək və ya bir sıra siyasətçilərin düşüncəsinə uyğun olaraq təhrif etmək olmaz.

"Belə yanaşma yalnız tarixi reallıqların təhrif olunmasına gətirib çıxaracaq. Belə qərəzli mövqedə israr edənlər ucuz siyasi gedişlərin tərəfdarları kimi özlərini tarixə yazacaqlar. Biz bu kimi əsassız bəyanatları kökündən rədd edir və yanlış mövqedə israr edənləri qətiyyətlə pisləyirik. Heç kimin və heç bir təşkilatın Türkiyəyə öz tarixini öyrətməyə haqqı yoxdur", - deyə bəyanatda bildirilir.

Ankara (bəyanat müəlliflərini - red.) dəhşətli səhvi düzəltməyə, düşmənçiliyi yaymağa yönəlmiş addımlar atmamağa, Türkiyə tərəfinin Birgə Tarix Komissiyanın yaradılması təşəbbüsünü dəstəkləməyə (1915-ci il hadisələri ilə bağlı - red.) və Türkiyənin bölgədə sülh və əməkdaşlığı təmin etmək səylərinə töhfə verməyə çağırır.

Xatırladaq ki, Ermənistan və erməni lobbisi Türkiyənin sələfi olan Osmanlı İmperiyasının 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı “soyqırım” törətdiyini iddia edir. Ankara dəfələrlə Ermənistanı arxivləri açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Amma Ermənistan hələ də Türkiyənin təklifinə cavab verməyib, çünki bu, ilk növbədə, onlar tərəfindən uydurulmuş və bilərəkdən saxtalaşdırılan hekayədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti