...

İstanbulda Fətullah Gülənin qardaşı oğlu saxlanılıb

Dünya xəbərləri Materials 14 İyul 2023 05:32 (UTC +04:00)
İstanbulda Fətullah Gülənin qardaşı oğlu saxlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İstanbul Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən həyata keçirilən əməliyyatda Fətullah Gülənin qardaşı Məsih Gülənin oğlu Selman Gülən, barəsində axtarış qərarı olan həyat yoldaşı Nur Gülən, qayınatası Bəkir Öztürk, qayınanası Mine Öztürk ilə birlikdə Sancaktepedə gizli evlərin birində yaxalanıblar.

Trend xəbər verir ki, Fətullahçı Terror Təşkilatın hazırkı maliyyə strukturunda Selman Gülənin hələ də aktiv olduğu müəyyən edilib.

Axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallarla yanaşı, külli miqdarda xarici valyuta və 2 ədəd saxta şəxsiyyət vəsiqəsi müsadirə edilib.

Məlumat üçün qeyd edək ki, 2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilən çevriliş cəhdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə meydanları dolduran vətəndaşların dəstəyi ilə aradan qaldırılıb.

Çevrilişin rəhbəri kimi uzun illərdir ABŞ-da yaşayan və din xadimi kimi tanıdılan Fətullah Gülən və tərafdarının adı çəkilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti