Bakı. Trend:
İsveçin xarici işlər naziri Tobias Billström İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Quranın təhqir olunması ilə bağlı keçirdiyi üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasının qərarını nəzərə aldıqlarını bəyan edib.
Trend xəbər verir ki, Billström İsveç dövlət televiziyasında İƏT Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclası və İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı təxribatlar barədə açıqlamalar verib.
"Qərar bir sıra təklif və tövsiyələri ehtiva edir. Bunları diqqətlə nəzərdən keçirəcək və İƏT ölkələri ilə mühüm dialoqumuzu davam etdirəcəyik. Hökumət İsveçdə fərdlərin törətdikləri islamofob hərəkətlərdən uzaqdır. Ədliyyə Nazirliyi nizam-intizam qanunu ilə bağlı yeni təhlillər aparır", - deyə nazir bildirib.
İƏT iclasından sonra verilən açıqlamada İsveç və Danimarkada Qurani-Kərimi təhqir edən hərəkətlər şiddətlə qınanıb.
İƏT-in ifadə azadlığı adı altında həyata keçirilən bu kimi hərəkətlərin təkrarlanmasının qarşısını almaq məqsədilə Avropa İttifaqı (Aİ) Komissiyasına nümayəndə heyəti göndərmək qərarı açıqlanıb. Bundan başqa, İƏT-ə üzv ölkələrə Quranın yandırıldığı ölkələrlə münasibətlərini yenidən gözdən keçirərək lazımi mövqeni tutmaları ilə bağlı çağırış edilib.
Qeyd edək ki, iyunun 28-də Salvan Momika adlı şəxs İsveçin Stokholm şəhərində polisin icazəsi ilə Qurani-Kərimi yandırıb. Daha sonra isə İraqın Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi və İraq bayrağını tapdalayaraq İslam dinini təhqir edib.
Bir müddət əvvəl isə Danimarkanın Kopenhagen şəhərində İraq səfirliyinin qarşısında Danske Patrioter (Danimarkalı Vətənpərvərlər) adlı qrup Qurani-Kərimin yandırıldığını və İraq bayrağının tapdalandığını göstərən videonu sosial mediada paylaşıb.