Bakı. Tren:
İrəvan-Moskva münasibətlərinin staqnasiyası və hətta deqradasiyası, Ermənistanın Qərb tərəfindən qarşılıq gördükcə nəzərəçarpan dərəcədə Qərbyönümlü fəaliyyəti nəticəsində, demək olar ki, Ermənistan unikal vəziyyətə düşüb.
Trend xəbər verir ki, bu barədə Rusiyanın "Kommersant" nəşrində dərc olunan məqalədə deyilir.
"Moskva ilə eyni ittifaqlarda (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) başqa, Ermənistan Avrasiya İqtisadi Birliyinə daxildir) yer alan İrəvan Avropaya inteqrasiyada maraqlı olduğundan açıq şəkildə danışır və eyni zamanda, Avropa İttifaqının öz ərazisində iştirakının genişlənməsi üçün konkret addımlar atır.
Xüsusən yaxın zamanda Avropa İttifaqının (Aİ) Ermənistanda Ermənistan-Azərbaycan sərhədini müşahidə edən monitorinq missiyasının sayı artırıla bilər", - materialda deyilir.
Qeyd olunub ki, İrəvan dəfələrlə Rusiyanın regionda təhlükəsizliyin təmin olunmasındakı rolundan narazılığını bildirib və digər olduqca mühüm addımlar atır.
"Bu, həm Rusiyadan uzağa, həm də Aİ istiqamətində addımlardır. Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etdi, oktyabr ayında isə Müstəqil Dövlətlər Birliyinin (MDB) Bişkekdə keçirilən sammitinə getmədi. Eyni zamanda, oktyabrın 5-də Avropa Siyasi Birliyinin İspaniyanın Qranada şəhərində keçirilən sammitində və noyabrın 10-da Paris Dünya Forumunda iştirak etdi.
Yeri gəlmişkən, Parisdə Ermənistan lideri təkcə Ermənistan prezidenti Emmanuel Makronla deyil, həm də Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanla görüşüb. Avropa platformaları bütünlükdə erməni məmurlar üçün əsas olub", - məqalədə deyilir.
Materialda, həmçinin, Ermənistanın xarici siyasətində xüsusən Azərbaycanla sülh prosesinin təşviqi məsələsində qeyri-müəyyənliyin olduğuna eyham edilir.
Belə ki, məqalədə qeyd olunur ki, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan Ermənistan tərəfinin heç bir təklifdən imtina etmədiyini deyib.
"İş aparılır". Diplomatik dildən rus dilinə tərcümədə bu, o deməkdir ki, İrəvan bu görüşə hələlik razı deyil", - deyə məqalədə vurğulanır.
(Tərcümə: Rəna Əbdürəhmanova)