Bakı. Trend:
Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin krallığın Xarici İşlər Nazirliyinə çağrılıb.
Trend xəbər verir ki, səfir bu barədə Danimarkanın yerli telekanalına bildirib.
Barbin nazirliyə rusiyalı müxalifətçi Aleksey Navalnının ölümü ilə əlaqədar çağırıldığını deyib.
Səfir öz növbəsində Rusiya tərəfindən aparılan araşdırma bitməmiş atılan bu cür addımları demarş adlandırıb və bunların sadəcə Navalnının ölümündən siyasi məqsədlə istifadə etmək cəhdi olduğunu deyib.
Xatırladaq ki, fevralın 16-da Aleksey Navalnı cəzaçəkmə müəssisəsində ölüb. Onun gəzintidən sonra özünü pis hiss edərək, demək olar ki, dərhal huşunu itirdiyi bildirilib. Müəssisənin tibb işçiləri dərhal hadisə yerinə gəlib, təcili tibbi yardım briqadası çağrılıb.
Zəruri bütün reanimasiya tədbirləri görülsə də, heç bir müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun öldüyünü təsdiqləyib.