Daşkənd. Trend:
Özbəkistan Prezidenti yanında İqlim Şurası yaradılacaq.
Trend xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sərəncam imzalayıb.
Şura iqlim dəyişikliyinin səbəb olduğu fəsadların yumşaldılması və onlara uyğunlaşma məsələləri üzrə ali məşvərət orqanı olacaq.
Şuranın əsas vəzifələri arasında Özbəkistanın 1992-ci il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasından və konvensiyanın icrasını artırmaq üçün qəbul edilmiş 2015-ci il Paris Sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin monitorinqi daxildir.
Sərəncama əsasən, Milli Yaşıl Transformasiya və İqlim Dəyişikliklərinə Adaptasiya Mərkəzinin adı dəyişdirilərək İqlim Dəyişikliyi üzrə Milli Mərkəz (İqlim Mərkəzi) adlandırılıb.
Ölkədə elmi və akademik potensialın artırılması və fundamental tədqiqatların inkişaf etdirilməsi məqsədilə Mərkəzi Asiya Ətraf Mühitin və İqlim Dəyişikliklərinin Öyrənilməsi Universitetində (Green University) İqlim Elmi Forumu (rezidensiya) (İqlim Rezidensiyasi) yaradılacaq.
(Tərcümə: Gülnarə Kərimova)