Bakı. Trend:
Rusiya və İran arasında illik ticarət dövriyyəsini üç dəfə artırmaq mümkündür.
Trend-in məlumatına görə, bunu Rusiya-İran Ticarət Şurasının sədri Leonid Lojeçko Tehranda kooperativ sektorun iqtisadi aktivlərinin iştirakı ilə keçirilən iclasda deyib.
Onun sözlərinə görə, hazırda Rusiya və İran arasında ticarət dövriyyəsinin dəyəri birbaşa olaraq 5 milyard dollar təşkil edir:
"Üçüncü ölkələr vasitəsilə həyata keçirilən ticarət dövriyyəsini buna əlavə etmək lazımdır".
Lojeçko bildirib ki, İran və Rusiya arasında ticarət əlaqələrinin araşdırılmasına əsasən, iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara qədər artırmaq mümkündür.
“Son illərdə iki ölkə arasında ticarət əlaqələri daha da artıb və 2,5 min anlaşma və müqavilə imzalanıb. Bu anlaşma və müqavilələrin bəzi tərəfləri dövlət şirkətləri, bəzi tərəfləri isə özəl şirkətlər olub”, - deyə o qeyd edib.
Şura sədri qeyd edib ki, Rusiya və İran arasında nəqliyyat, neft, qaz sahələrində müxtəlif anlaşma və müqavilələr mövcuddur və ərzaq, kənd təsərrüfatı, tibbi sahələrdə də əlaqələrin inkişaf etdirilməsinə səy göstərilir.
Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, cari İran ilinin 5 ayı (21 mart -21 avqust 2024) ərzində İran və Rusiya arasında ticarət dövriyyəsi təxminən 969 milyon dollar dəyərində 2,09 milyon ton təşkil edib. İki ölkə arasında ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə (21 mart -22 avqust 2023) müqayisədə dəyər baxımından 19%, çəki baxımından 15% azalıb.