Bakı. Trend:
BMT-nin baş katibi Antonio Quterreş son 24 saat ərzində Livanda vəziyyətin gərginləşməsindən son dərəcə narahatdır və İsrail və "Hizbullah"ı zərbə mübadiləsini dayandırmağa çağırıb.
Trend-in məlumatına görə, bu barədə BMT-nin baş katibinin nümayəndəsi Stefan Düjarrik deyib.
"Baş katib son 24 saat ərzində Beyrutda vəziyyətin kəskin şəkildə gərginləşməsindən son dərəcə narahatdır. Zorakılıq dövrü dərhal bitməli və bütün tərəflər uçurumdan geri çəkilməlidir", - deyə S.Düjarrik bildirib.
A.Quterreş İsrail, Livan və regionun digər ölkələrinin əhalisinə zərər verə biləcək genişmiqyaslı müharibədən qaçmaq üçün hər şeyi etməyə çağırıb. O, Qəzza zolağında atəşkəsə və orada saxlanılan israilli girovların azad edilməsinə çağırışını təkrarlayıb.