...

Aleksandru Giboy üçüncü müddətə EANA-nın baş katibi vəzifəsinə seçilib

Dünya xəbərləri Materials 7 Oktyabr 2024 22:11 (UTC +04:00)
Aleksandru Giboy üçüncü müddətə EANA-nın baş katibi vəzifəsinə seçilib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası Aleksandru Giboyu üçüncü müddətə EANA-nın baş katibi vəzifəsinə seçib.

Trend-in məlumatına görə, onun namizədliyi AFP agentliyi tərəfindən irəli sürülüb.

“EANA üzvlərinin etimadına layiq görülməkdən qürur duyuram və agentliklərin demokratik prinsiplər əsasında fəaliyyət göstərməsini təmin etmək üçün işimə davam etməyə hazıram. Yeni komitələrin yaradılması ilə alyans gələcək problemlərin həllində əlavə imkanlara malik olacaq”, - deyə A.Giboy qeyd edib.

Bundan əlavə, EANA Baş Assambleyası Belçikanın “Belga” xəbər agentliyinin baş direktoru Patrik Lakrua idarə heyətinə üç illik müddətə yeni üzv olaraq seçib. Onun namizədliyi Almaniyanın dpa agentliyi tərəfindən irəli sürülüb.

“EANA İdarə Heyətinə seçilmək mənim üçün böyük bir şərəfdir. Həmkarlarıma etimadlarına görə dərin təşəkkürümü bildirirəm. EANA-nın əsas missiyası olan Avropa xəbər agentliklərinin maraqlarını qorumaq və onları təbliğ etmək mənim üçün çox vacibdir. Xüsusilə xəbərlərin sərbəst və qərəzsiz yayılmasını təmin etmək üçün səyləri dəstəkləməyə hazıram.

Belga şirkətinin baş direktoru kimi həmişə əməkdaşlıq və innovasiyaya dəyər vermişəm. İdarə heyətinə töhfə verməyə, şəbəkəmizi gücləndirməyə, təcrübə mübadiləsi aparmağa və yeni imkanlarla problemlərin həllinə hazır olduğumu bəyan edirəm. EANA üzvlərinin maraqlarına xidmət etmək və alyansın dəyərlərini təbliğ etmək üçün səbirsizliklə gözləyirəm”, - deyə P.Lakrua bildirib.

Eyni zamanda, EANA müasir media məkanında xəbər təşkilatlarının rolunu gücləndirmək və innovasiyaları təşviq etmək məqsədilə bir neçə yeni komitə təsis edir. Bu komitələr sözügedən sahənib əsas məsələlərini, o cümlədən yeni texnologiyaların tətbiqi və əqli mülkiyyətin qorunmasını əhatə edəcək. EANA əməkdaşlıq, innovasiya və etik jurnalistikanın təşviqinə sadiqdir ki, bu da ona Avropa mediası arasında dialoqda mühüm tərəfdaş olaraq qalmağa imkan verəcək.

Hər bir komitəyə şura tərəfindən seçilən və Baş Assambleya tərəfindən təsdiqlənən sədr rəhbərlik edəcək:

* Süni İntellektin İnkişafı Komitəsi - Elmir Huremoviç (FENA-nın baş direktoru);
* Biznesin İnkişafı Komitəsi - Emili Şelli (PA Media-nın baş direktoru);
* İctimai İnformasiya Agentlikləri Komitəsi - Aymilios Perdikaris (ANA-MPA-nın prezidenti);
* Müəlliflik Hüququ Komitəsi - Peter Kropş (dpa-nın baş direktoru);
* Bərabərlik və İnklüzivlik Komitəsi - Branka Voyevodiç (HINA-nın baş direktoru);
* Dezinformasiyaya qarşı Komitə - Sergey Çerevatıy (“Ukrinform”un baş direktoru);
* Xəbər Agentliklərinin Gələcəyi Komitəsi - Hoakim Korreyra (LUSA-nın prezidenti və baş direktoru).

EANA-nın prezidenti və AFP-nin baş icraçı direktoru Fabris Friz deyib: “Xəbər agentlikləri qarşısında bir çox çağırışlar dayanır və EANA-nın onlara dəstək olmaq rolu getdikcə daha da vacibləşir. Elmir Xuremoviçə İdarə Heyətinə verdiyi töhfəyə görə təşəkkürümü bildirirəm və Patrik Lakruanı idarə heyətinə seçilməsi münasibətilə təbrik edirəm. Eyni zamanda Aleksandru Giboya baş katib kimi yeni vəzifəsində uğurlar arzulayıram.”

EANA-nın Baş Assambleyası ANSA və EY-in dəstəyi ilə Romada keçirilib. Tədbirin önəmli məqamı EANA üzvlərinin İtaliya Prezidenti Sercio Mattarella ilə görüşü olub.

Xəbər lenti

Xəbər lenti