Bakı. Trend:
Dünya üzrə ən mühüm tədbirlərdən biri olan COP29 iqlim konfransı yaxınlaşdıqca, fransız mətbuatında anti-Azərbaycan ritorikası, demək olar ki, isterik həddə çatıb.
Trend xəbər verir ki, bu barədə Parisin “La Gazette du Caucase” internet-qəzetinin baş redaktoru, məşhur fransız jurnalist Jan-Mişel Brun məqaləsində yazıb.
"COP29 2024-cü ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək. Böyük Britaniya bu seçimi dəstəkləyib, Almaniya Azərbaycanın təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib, ATƏT-in baş katibi Helqa Şmid COP29-un ilin ən əhəmiyyətli tədbirlərindən biri olacağını təsdiqləyib. Qoşulmama Hərəkatı COP29 zamanı atəşkəs təklifi üçün Azərbaycanı təbrik edib, BMT-nin baş katibi isə tədbirdə iştirak etmək arzusunu ifadə edib.
Hətta Ermənistan konfransın öz ölkəsində keçirilməsindən Bakınən xeyrinə imtina qarşı çıxıb. Görünür, hamı bu qərardan razıdır, COP29 əleyhinə hərəkata rəhbərlik edən Fransadan başqa hamısı, əgər erməni diasporu və bir neçə amerikalı lobbi təşkilatını nəzərə almasaq, bu hərəkatın, demək olar ki, yeganə iştirakçısı elə Fransadır", - məqalədə qeyd olunub.
Müəllifin sözlərinə görə, fransızların özləri ədalətsizliyi və etimadsızlığına görə tənqid etdikləri aparıcı KİV-ləri vasitəsilə Bakıda COP29-un təşkilatçılığını gözdən salmaq üçün mümkün olan hər şeyi edir.
"Fransa öz gözündə tiri görmür, amma Bakının gözündə tük axtarır. Rəsmi fransız KİV-ləri heyranlıqla soruşurlar: neft hasil edən bir ölkə olan Azərbaycan iqlim məsələlərinə necə qayğı göstərə bilər? Lakin iddia etmək olar ki, dayanıqlı inkişafa keçidin vacibliyini qəbul edən istehsalçı ölkənin etirafı müsbət addımdır. İndi sağçılarla və açıq-aşkar islamofob mövqelərlə ideoloji bağlılığı olan bir neçə oliqarxa məxsus həmin KİV-lər Ermənistan-Azərbaycan münaqişəsini, faktları təhrif etməklə və Azərbaycan tərəfindən 30 il işğal altında olan ərazilərin azad edilməsini təcavüz adlandırmaqla, manipulyasiya etməyə çalışır", - məqalədə bildirilir.
Müəllif əlavə edir ki, bu hadisələrin fonunda Fransa Bakı ilə bağlı tənqidlərini artırıb və hətta öz vətəndaşlarına Azərbaycana səfər etməməyi tövsiyə edərək, mümkün "özbaşına həbs olunmalar" barədə xəbərdarlıq edib. Bu, qarşıdan gələn konfrans ətrafındakı gərginliyi artırmağa hesablanıb, baxmayaraq ki, əksər beynəlxalq oyunçular COP29-un Bakıda keçirilməsini dəstəkləyirlər.
"Makron tərəfdarı olan KİV-lərin əsasında Azərbaycana qarşı böhtan yaymaq üçün "şəbəkə" yaradılıb. Lakin yaxşı xəbər də var: yalnız yaşlı nəsil bu "rəsmi" mətbuatı izləməyə davam edir. Fransanın gənc nəsli artıq qəzet oxumur və televiziya izləmir, müstəqil mənbələrdən, sosial şəbəkələrdən və internetdən məlumat almağa üstünlük verir. Bu platformalarda isə lobbiçilərin təsirinə düşməyən yüksək səviyyəli jurnalistlər və alimlər fəaliyyət göstərir", - deyə Jan-Mişel Brün məqaləsini yekunlaşdırır.