Bakı. Trend:
Egey dənizində Kos adası yaxınlığında qeyri-qanuni miqrantları daşıyan qayığın aşması nəticəsində 4 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə Yunanıstanın ERT-news telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Psalidi çimərliyi yaxınlığında baş verib. Türkiyə sahillərindən Yunanıstana keçməyə çalışan 30 nəfər miqrantı daşıyan qayığın aşması ilə nəticələnən insident zamanı iki sahil mühafizə gəmisi dərhal hadisə yerinə çatıb və 26 nəfər xilas edilib.
Ancaq bütün səylərə baxmayaraq, 3 və 5 yaşlarında olan iki qadın və iki uşaq həyatını itirib. Onların cəsədləri xilas edilənlərlə birlikdə sahilə çıxarılıb. Hal-hazırda xilasedicilər itkin düşmüş ola biləcək şəxsləri axtarır.
Yunanıstan Yaxın Şərq, Asiya və Afrikadan gələn qeyri-qanuni miqrantlar üçün əsas tranzit ölkələrdən birinə çevrilib. Bu miqrantların əksəriyyəti Türkiyə üzərindən dəniz yolu ilə Yunanıstana gəlir və bəziləri oradan İtaliyaya getməyə çalışır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən, bu il Türkiyədən Yunanıstana 42 mindən çox miqrant gəlib. Ötən il isə bu rəqəm 48 min nəfər idi. Bu il təkcə Krit adasına 3,5 mindən çox miqrant keçid edib.