Bakı. Trend:
Serbiyanın Novi Sad şəhərindəki dəmiryolu vağzalında baş verən qəza nəticəsində 11 nəfər həyatını itirib, daha dörd nəfər xəsarət alıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, 50 metr uzunluğunda şüşə, beton və metal konstruksiyalardan ibarət stansiya binasının tavanı ölkənin əhali baxımından ikinci ən böyük şəhəri olan Novi Sadda vağzal binasının üzərinə çöküb.
Hadisənin səbəbləri hələlik məlum deyil. Əraziyə təcili tibbi yardım maşınları və mülki müdafiə qüvvələri cəlb olunub. Stansiyada qatarların hərəkəti dayandırılıb və başqa istiqamətə yönəldilib.
Təxminən 80 xilasedici hələ də hadisə yerində işləyir və əraziyə çoxlu xüsusi texnika cəlb olunub. 1960-cı illərdə inşa edilən vağzal binasında son illərdə Belqrad-Budapeşt sürətli dəmir yolu xəttinin yenidənqurma və modernizasiya işləri aparılırdı.
Baş verən faciə ilə əlaqədar ölkə prezidenti Aleksandar Vuçiç Novi Sad şəhərinə yola düşüb. Hökumət 2 noyabrı matəm günü elan edib.