Bakı. Trend:
Afrika İttifaqı Konqonun şərqində davam edən hərbi əməliyyatların dərhal dayandırılmasını və atəşkəs rejiminə ciddi əməl edilməsini tələb edib.
Trend-in məlumatına görə, bu çağırışı Afrika İttifaqı Komissiyasının sədri Mussa Faki Mahamat bəyan edib.
"Afrika İttifaqı tərəfləri razılaşdırılmış atəşkəsə əməl etməyə, hərbi əməliyyatları dərhal dayandırmağa və mülki insanların həyatını qorumağa çağırır," – deyə Mahamatın bəyanatında qeyd olunub.
O, Konqonun şərqindəki təhlükəsizlik və humanitar vəziyyətin pisləşməsindən narahat olduğunu bildirib.
Qeyd edək ki, son üç həftə ərzində 23 Mart Hərəkatı (M23) qrupuna aid üsyançılar Konqonun şərqində yerləşən Qoma şəhərinə yeni hücumlara başlayıblar. Onların qabaqcıl dəstələri şəhərdən cəmi 20 km məsafədə mövqe tutublar.