Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp şənbə günü İordaniya kralı II Abdullah ilə telefon danışığında 1 milyondan çox fələstinlinin Qəzzadan krallığa köçürülməsi məsələsini qaldırdığını bildirib.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı xəbər verib.
"Mən ona dedim: istəyərdim ki, daha çoxunu qəbul edəsiniz, çünki indi Qəzza zolağına baxıram, və orada əsl xaos mövcuddur", - deyə D.Tramp jurnalistlərə bildirib.
BMT-nin hesablamalarına görə, İordaniyada artıq 2,39 milyon fələstinli qaçqın qeydiyyatdan keçib. Dünyada bu kateqoriyadan olan qaçqınların sayı 5,9 milyon nəfərdir.
ABŞ prezidenti qeyd edib ki, İordaniya ilə yanaşı Misir də fələstinliləri qəbul edə bilər. Prezident bazar günü Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə məsələni müzakirə etmək istədiyini bildirib.