Bakı. Trend:
Litva Azərbaycanla əməkdaşlıq çərçivəsində Orta Dəhlizin inkişafı üçün iki səviyyəli strategiya təklif edir.
Bu barədə Trend-ə özəl müsahibəsində Litva Respublikasının Azərbaycandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkelaviçus bildirib.
"Azərbaycan və Litva Orta Dəhlizin daha da inkişafı üçün iki əsas istiqamət üzrə əməkdaşlıq edə bilər. Birinci istiqamət ondan ibarətdir ki, Litva Avropa İttifaqının üzvü olaraq "Global Gateway" təşəbbüsünü dəstəkləyir. "Global Gateway" Avropa İttifaqının təhlükəsiz rəqəmsal, nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsi, həmçinin beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi üzrə strategiyasıdır. Bu kontekstdə Avropa İttifaqı mühüm tərəfdaşdır və Litva, Aİ-nin üzvü kimi, Azərbaycanın Brüsseldə dəstəyinə mühüm töhfə verə bilər. İkinci istiqamət isə milli qurumlarımızın və ya şirkətlərimizin bu inkişafda iştirak etməsinə yönələcək", - deyə səfir qeyd edib.
Vaşkelaviçus xatırladıb ki, ötən ilin oktyabrında Klapeida limanının direktoru Azərbaycanı, o cümlədən Bakı Limanını və Ələt Azad İqtisadi Zonasını ziyarət edib.
"Bunlar Orta Dəhlizin inkişafında əsas elementlərdir. Səfər zamanı tərəfdaşlığın gücləndirilməsi və gəmiçilik sahələrində əməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı müzakirələr aparılıb. Bu sahələr Orta Dəhlizə əlavə dəyər qata bilər. Bu baxımdan Klapeida limanı dəhlizin inkişafına və səmərəliliyinə töhfə verməkdə mühüm rol oynaya bilər", - deyə səfir vurğulayıb.
O qeyd edib ki, Litva Avropa İttifaqında Rusiya ilə qaz və neft daxil olmaqla enerji asılılığına tamamilə son qoymuş ilk ölkə olub.
"Biz Klapeidada ilk LNG terminalını inşa etdik və neft terminalını yaratdıq, bu da alternativ enerji marşrutlarının açılmasına imkan verdi. Bu kontekstdə biz TRACECA, Orta Dəhliz və Cənub Qaz Dəhlizi kimi təşəbbüsləri ən vacib layihələr kimi qiymətləndiririk. Bu dəhlizlər — istər enerji, istərsə də nəqliyyat üçün — iqtisadi münasibətlərin inkişafına, iqtisadiyyatların güclənməsinə və biznesin dəstəklənməsinə xidmət etməlidir. Biznes və iqtisadiyyatın inkişafı üçün bu əlaqələr və dəhlizlər iqtisadi məntiqə əsaslanmalıdır", - deyə səfir bildirib.
Səfir vurğulayıb ki, Asiya və Avropa ölkələrinin onilliklər boyu etibar etdiyi marşrutlara alternativ olan müstəqil dəhlizlərin inkişaf etdirilməsi vacibdir.
"Təəssüf ki, bu uzunmüddətli asılılıq bəzi oyunçular üçün əhəmiyyətli iqtisadi mənfəət gətirsə də, ciddi iqtisadi və siyasi nəticələrə səbəb olub", - deyə səfir qeyd edib.
İnvestisiya imkanları
İnvestisiya imkanları haqqında danışan səfir əsas diqqəti bərpa olunan enerji mənbələri və kənd təsərrüfatına yönəldib.
"Qarabağa gəlincə, biz görürük ki, bəzi litvalı şirkətlər bu regiona maraq göstərir və keçən il Dominari adlı mebel şirkəti artıq investisiya yatırıb. Maraqlı sahələrdən danışsaq, hesab edirəm ki, enerji, xüsusilə də bərpa olunan enerji, əməkdaşlıq üçün əsas sahədir. Bu sahə hər iki tərəf üçün əhəmiyyətli faydalar təmin edir və Azərbaycan bərpa olunan enerjinin yaratdığı iqtisadi imkanlardan, xüsusilə də COP29-a sədrliyi çərçivəsində, ən fəal istifadə edən ölkələrdən biridir. Litva bu sahəyə öz təcrübəsini təqdim etməklə töhfə verə bilər. Bizim təklif edə biləcəyimiz böyük maliyyə resurslarımız olmasa da, dəyərli biliklər təqdim edə bilərik. Litva müstəqillik əldə etdiyi vaxtdan bu yana əlamətdar bir transformasiya keçib, sovet nefti və qazından 100%-lik asılılıqdan enerji müstəqilliyinə keçib. Gələn ay Litva öz elektrik sistemini Avropa şəbəkəsinə qoşaraq Rusiyadan tam müstəqilliyə keçidi başa çatdıracaq", - deyə Vaşkelaviçus vurğulayıb.
Litva səfirinin fikrincə, kənd təsərrüfatı sektoru investisiya əməkdaşlığının inkişafında mühüm əhəmiyyətə malikdir.
"Mən düşünmürəm ki, Azərbaycan öz məhsullarını dünya bazarına ixrac etmək potensialını tam şəkildə istifadə edir. Litva süd məhsulları, məsələn, süd, qatıq və pendirlərdən tutmuş un məmulatlarına qədər geniş çeşidli məhsulları ixrac edir və Yaponiya kimi əhəmiyyətli ixrac bazarları daxil olmaqla bütün dünyaya çatdırır. Bu, mürəkkəb və geniş bir logistika zənciridir. Biz bu sahədə bir çox innovativ həlləri tətbiq etmişik və xüsusilə məhsulların uzaq bazarlara çatdırılarkən bir neçə ay ərzində təzə qalması üçün qablaşdırma proseslərini modernləşdirmişik. Azərbaycan da bu təcrübədən faydalana bilər. Bundan sonra hər şey bizneslər arasında əməkdaşlıqdan asılıdır və mənim rolum bizim maraqlarımızın harada üst-üstə düşdüyünü və qarşılıqlı faydalı tərəfdaşlıqlar qurmaq üçün harada imkan olduğunu müəyyən etməkdir", - deyə o bildirib.
Vaşkelaviçus həmçinin Azərbaycanın iqlim siyasəti üçün əhəmiyyətli ola biləcək daha bir təşəbbüsə - plastik qabların təkrar emalı üçün depozit sisteminə toxunub.
"Litva plastik qabların təkrar emalı sahəsində dünya lideridir və biz son dərəcə effektiv depozit sistemi yaratmışıq. Hər bir içki, şirə və ya su şüşəsi üçün insanlar əlavə 10 sent ödəyir. Onlar boş qabı sistemə qaytardıqda həmin 10 sent geri qaytarılır. Bunun nəticəsində biz 95 faizlik geri qaytarma göstəricisinə nail olmuşuq. Bu siyasət ətraf mühitin qorunmasına birbaşa töhfə verir. Mən bilirəm ki, Azərbaycan bu cür təşəbbüslərlə çox maraqlanır və biz demək olar ki, 100 faizlik effektivliklə işləyən bir sistemin tətbiqi üzrə təcrübəmizi bölüşməyə hazırıq", - deyə o bildirib.
Birbaşa reyslərin açılması
Birbaşa reyslərə gəldikdə isə, səfir bildirib ki, müzakirələr davam edir.
"Litvanın nəqliyyat üzrə vitse-naziri Bakıya səfər etdi və Azərbaycan tərəfi ilə danışıqlar aparıldı. Sevindirici hal odur ki, həm hökumət, həm də əhali birbaşa reyslərlə maraqlıdır. Lakin təəssüf ki, bu, dərhal baş verə bilməz, çünki hələ ki böyük bir tələbat yoxdur. Bununla belə, tələbat artır, çünki bir çox litvalılar Azərbaycanı yenidən kəşf etmək istəyir", - deyə Vaşkelaviçus əlavə edib.
Litva-Azərbaycan Hökumətlərarası Komissiyası
Vaşkelaviçus qeyd edib ki, Litva-Azərbaycan Hökumətlərarası Komissiyası ölkələr arasında ikitərəfli əməkdaşlıq üçün çox vacib bir strukturdur.
"Sonuncu iclas 2023-cü ildə Vilnüsdə keçirilib və diplomatik praktikaya görə növbəti iclasın Azərbaycanda keçirilməsi gözlənilir. Hər iki tərəf bu iclasın keçirilməsində maraqlıdır və hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparırıq. Lakin iclasın yaxın gələcəkdə baş tutmayacağı üçün hələ konkret bir tarix yoxdur. Bu, Litvada yeni keçirilmiş seçkilər və hökumət dəyişikliyi ilə bağlıdır. Biz müzakirə üçün vaxt və mövzular müəyyən etməliyik. Hazırda deyərdim ki, görüşə hazırlıq gedir və bu mütləq baş tutacaq, çünki bu, Litva üçün də çox vacibdir", - deyə səfir bildirib.
Biznes əlaqələri
Səfir xatırladıb ki, 2022-ci ildə Litva Prezidenti Bakıya, 2023-cü ildə isə Prezident İlham Əliyev Vilnüsə səfər etdikdə, hər iki səfər işgüzar nümayəndə heyətləri tərəfindən müşayiət olunub və müxtəlif şirkətlər və təhsil müəssisələri arasında bir neçə memorandum imzalanıb.
“Yüksək səviyyəli səfərlər, istər prezidentlərin, baş nazirlərin, istərsə də nazirlərin səfərləri bu əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayır. Hökumətlərarası Komissiya ilə bağlı müzakirələrimizdə olduğu kimi, ümid edirik ki, gələcək səfərlər – dəqiq tarixlər hələ məlum olmasa da – biznes sektorunun nümayəndələrinin iştirakı ilə müşayiət olunacaq. Bundan başqa, ölkələrimiz arasında işgüzar əməkdaşlıq münasibətlərimizin mühüm aspekti olaraq qalır”, – deyə səfir bildirib.
Vaşkelaviçus qeyd edib ki, yeni səfir kimi onun əsas prioriteti iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsidir.
“Bu münasibətlərin çox güclü təməli var, çünki xalqlarımız müstəqillik və azadlıq uğrunda mübarizədə bir-birini dəstəkləyib. Biz işğal illərində və azadlıq uğrunda mübarizəmizdə çox oxşar hadisələr yaşadıq”, – deyə səfir bildirib.
Səfir mədəni əlaqələrin inkişafından da danışıb.
“Burada olduğum müddətdə gördüm ki, Azərbaycan xalqı mədəniyyətə və musiqiyə çox böyük önəm verir. Azərbaycanda çoxlu sayda musiqi məktəbləri, konservatoriyalar və teatrlar var. Həmçinin burada bəstəkarlarınız və musiqiçilərinizə həsr olunmuş çoxlu abidələr var ki, bu da xalqınızın ədəbiyyata, musiqiyə və mədəniyyətə dərin hörmətini əks etdirir. Ümid edirəm ki, Litva mədəniyyətinə də maraq var və mən artıq bu əlaqəni hiss edirəm. Bu il ən məşhur bəstəkarımız və rəssamımız Mikaloyus Konstantinas Çiurlionisin 150 illiyini qeyd edirik. Səfirlik bu mühüm ildönümünü qeyd etmək üçün müxtəlif tədbirlər və konsertlər təşkil edib. Hesab edirəm ki, mədəniyyət bizim ikitərəfli münasibətlərimizin ən mühüm hissəsidir və səfirlik bu sahədə əlaqələrin inkişafı və möhkəmləndirilməsi üçün tam hazırdır”, – deyə səfir bildirib.
X: @Lyaman_Zeyn