Bakı. Trend:
Rusiyanın Cənubi Qafqaza girməsi Gürcüstandan başlayıb. Onlar əvvəlcə 1783-cü ildə Kartli-Kaxeti xanlığını işğal ediblər. Tbilisidə oturan Sisianov 1804-cü ildə Gəncəyə hücum edib, orada böyük qırğınlar törədilib. 1805-ci il mayın 14-də İbrahimxəlil xanla Sisianov arasında Qarabağ xanlığının Rusiya təbəəliyinə keçməsi haqqında imzalanan müqavilədə diqqətçəkən məqamlardan biri də, İbrahimxəlil xanın Şuşa və Qarabağ xanı kimi göstərilməsidir. Orada heç bir erməni ifadəsindən söhbət gedə bilməz.
Bu fikirləri Trend-ə açıqlamasında politoloq Elşad Həsənov deyib.
O bildirib ki, ruslar erməniləri İran, Türkiyə və başqa ərazilərdən ən səfalı yerlərə gətirib Şuşada, Xankəndidə yerləşdirməklə azərbaycanlıların sayını azaldıblar:
“Daha sonra Azərbaycanda ilk demokratik respublika quruldu və ömrü cəmi 23 ay oldu, Sovet rusiyası tərəfindən işğal edildi. Çox acınacaqlıdır ki, Rusiya Azərbaycanın savadlı, ziyalı, xaricdə təhsil alan övladlarının hamısını repressiyaların qurbanı etdi. Rusların bizə göstərdiyi “xidmət”lər bunlardır.
1988-ci ildən başlayaraq SSRİ-nin simasında Ermənistanın tərəfini tutmağa çalışdılar. Erməni lobbilərinin dəstəyi ilə onlara böyük yardımlar edildi. Ermənilər Qorbaçovun həyat yoldaşını zinət əşyaları ilə ələ aldılar və Qorbaçovu ermənilərə xidmətə məcbur etdilər. Bununla da SSRİ-nin dağılması prosesi başladı. Hadisələr başlayanda SSRİ rəhbərliyi ermənilərə tərəf idi. 1990-cı il yanvarın 20-də də əliyalın əhalinin üzərinə qoşun yeridildi, qırğın törədildi, silahsız adamlar gülləbaran edildi. Xocalı soyqırımı da məhz Rusiyanın 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə törədildi. Bu, rusların bizə etdiyi zülmlərin sonuncusu deyil. Əhali bu hadisələri heç cür yaddaşından silə bilməz”.
Politoloq SSRİ dağıldıqdan sonra Azərbaycanda həyata keçirilən ordu quruculuğundan da söz açıb:
“Azərbaycanın inkişafını, onun sürətlə dünya siyasətinə, iqtisadiyyatına inteqrasiya etməsini həzm edə bilməyən Rusiya daim Azərbaycana qarşı müəyyən müddəalar irəli sürür. Rusiya bu məqsədlə hər zaman “Qarabağ kartı”ndan istifadə edib. Prezident İlham Əliyev uzun illər ATƏT-in Minsk Qrupu - orada Rusiya da var idi - digər ölkələrlə apardığı danışıqların bir nəticə vermədiyini görüb ordunu yüksək səviyyədə silahlandırdı, NATO təlimləri keçirildi və 44 gün ərzində torpaqları işğaldan azad etdik. Şuşanı azad edib Xankəndiyə girəndə Rusiyanın ciddi müdaxiləsinə rast gəldik. Rusiya qoşunlarını Dağıstanda yerləşdirmişdi və bizə ultimatumlar göndərirdi ki, əgər müharibəni dayandırmasanız, hücum edəcəyik. Rusiya tərəfindən Ermənistanda yerləşdirilən “İsgəndər” raketi ilə Bakını vurmaq istədilər”.
Elşad Həsənov Rusiya sülhməramlılarının 4 il ərzində Azərbaycandakı fəaliyyətinə də toxunub:
“44 günlük müharibədən sonra Rusiya qoşunları sülhməramlı adı altında Qarabağda yerləşdirildi. Onlar guya Azərbaycanla Ermənistan arasında sülh yaradacaqdı. Lakin Azərbaycan tərəfi onların olduğu dövrdə dəfələrlə faktlarla sübut etdi ki, Rusiya sülhməramlıları erməni separatçılarına silah-sursat daşıyır. Nəhayət, 2023-cü ildə Prezident İlham Əliyev dərin siyasi iradə sərgiləyərək Qarabağ problemini tam həll etdi. Sülhməramlılar da sülh yolu ilə Azərbaycandan çıxarıldı”.
Politoloq vurğulayıb ki, bu gün Rusiya mətbuatında Azərbaycana qarşı qərəzli yazılar dərc edilir, açıq-aşkar təhdidlər səsləndirilir.
“Bu da AZAL-a məxsus təyyarənin Rusiya ərazisində vurulması və bu hadisənin Moskva tərəfindən ört-basdır edilməsi cəhdləri, Prezident İlham Əliyevin buna sərt yanaşması ilə bağlıdır. Azərbaycanın tələbləri budur ki, təyyarəni vuranlar cəzalandırılsınlar, Rusiya Azərbaycandan üzr istəsin və təzminat ödənsin. “Qara qutu”lar gəlib, hər şey ortadadır. Təyyarənin Rusiyanın HHM qüvvələri tərəfindən vurulması təkzibolumaz faktlarla göstərilib. Ancaq Rusiya rəsmiləri bunu etiraf edib üzr istəməyi yubadırlar və təzminat haqqında da bir söz demirlər, günahı pilotun üstünə atmaq istəyirlər.
44 günlük müharibə dövründə Naxçıvanda təsadüfən Rusiya vertolyotu vurulmuşdu. Həmin vaxt Azərbaycan tərəfi beynəlxalq hüquq normalarına uyğun olaraq üzr istədi və təzminat ödədi. Rusiya isə hələ də bunları etmir. Bunun qarşılığında Azərbaycana qarşı mətbuatda qarayaxma kampaniyası aparır. Bu cür münasibət qəbuledilməzdir”, - deyə politoloq qeyd edib.