Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məni seçkilərdə qazandığı qələbədən sonra keçirilən andiçmə mərasiminə dəvət etməsi müəyyən mənada vacib hadisə idi.
Trend xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə KİV-lərinə müsahibəsində deyib.
“Rəcəb Tayyib Ərdoğanın məni seçkilərdə qazandığı qələbədən sonra keçirilən andiçmə mərasiminə dəvət etməsi müəyyən mənada diqqətəlayiq hadisə idi. Mən Ankaraya getməyə qərar verdim. Bu, mühüm bir tədbir və önəmli bir mesaj olmaqla yanaşı, Türkiyənin siyasi ətrafının nümayəndələri ilə təmas qurmaq imkanı da yaratdı. Bu da ikitərəfli münasibətlər baxımından çox əhəmiyyətli bir inkişaf idi”, - o bildirib.
O qeyd edib mj, Türkiyə ilə əməkdaşlığa dair konkret nümunələr var.
“Yaxın zamanda Türkiyə tərəfindən axtarılan və ya ittiham olunan iki nəfəri Türkiyəyə təhvil verdik. Bunlar böyük uğurlar kimi görünməyə bilər, lakin əvvəlki dövrdə hansı vəziyyətdə olduğumuza nəzərə alsaq, bu, şübhəsiz ki, çox mühüm bir irəliləyişdir. Bununla belə, bu prosesin dinamik olduğunu vurğulamaq vacibdir və əlbəttə ki, bu dinamikanın dayanmayıb davam etməsi üçün səylər göstərilməlidir. Bu isə, digər amillərlə yanaşı, iki ölkənin liderlərinin və hökumətlərinin siyasi iradəsinə bağlıdır. Mən siyasi iradənin mövcud olduğunu görürəm, lakin əsas məsələ bu siyasi iradənin qarşılıqlı şəkildə inkişafının davam etməsidir”, - o bildirib.
