Bakı. Trend:
Quraqlıq və yüksək hərarət Avropada meşə yanğınlarının əsas səbəbkarı olub. Avropalı mütəxəsislərin hesablamalarına görə, bu il alovun qitədə məhv etdiyi ərazilərin ümümi sahəsi 230 min hektardan çoxdur. Söhbət az qala Lüksemburq böyüklüyündə olan ərazidən gedir.
Trend xəbər verir ki, bu barədə Euronews məlumat yayıb.
İyulun 15-ə olan göstəriciyə görə, yanmış torpağın ümumi sahəsin 231 539 hektar təşkil edir ki, bu öncəki illərin orta göstəricisindən 119 faiz yüksəkdir. Son həftələr ərzində bir sıra Avropa ölkələrində baş alan meşə yanğınları on minlərlə insanı yaşadığı məskənlərdən didərgin salıb. Meşə yanğınları Türkiyədə azı 3 nəfərin ölümü nə, Yunanıstanın Krit adasında kütləvi təxliyəyə, Marsel şəhərində isə sözün əsl mənasında xaosa yol açıb.
“Bu il hər şeyin kifayət qədər ekstremal göründüyünü müşahidə edirik,” – “Global Forest Watch” təşkilatının elmi əməkdaşı Sara Karter bildirib.
“Bunu gözləmək olardı, çünki bilirik ki, əvvəlcə 2023-cü il tarixdə ən isti il oldu, onun ardınca isə 2024-cü il gəldi. Bu səbəbdən də bu istilərin davam edəcəyini gözləyirik”, – deyə o əlavə edib.
Avropa Meşə Yanğınları Məlumat Sistemi tərəfindən təqdim olunan məlumatlara əsasən, həftə ərzində qeydə alınan yanğınların ümumi sayı da orta göstəriciləri əhəmiyyətli dərəcədə üstələyib.
15 iyul tarixinə olan məlumata görə, Avropada 1230 yanğın baş verib, halbuki bu dövr üçün orta göstərici 478-dir. Yanğınların əsas artımı fevral və mart aylarına təsadüf edib ki, bu da Qərbi və Mərkəzi Avropada quraq və isti hava şəraiti ilə bağlıdır. Eyni hal yanan ərazilərin ümumi sahəsinin qeyri-adi yüksək göstəricisinə də aiddir.
Mütəxəssislərin fikrincə, mart ayından sonrakı dövrdə yanmış ərazilərin göstəriciləri çoxillik orta statistikaya yaxındır.