Bakı. Trend:
Kuba Səhiyyə Nazirliyi ağcaqanad sancmaları vasitəsilə ötürülən arboviruslar səbəbindən 33 nəfərin öldüyünü bildirib.
Trend-in məlumatına görə, bu barədə "Granma" qəzeti Nazirliyə istinadən xəbər verib.
Məlumata əsasən, ölkədə epidemioloji vəziyyət çətin olmaqda davam edir, ən çox denqe və çikunqunya virus xəstəlikləri yayılıb.
Kuba səhiyyə nazirinin müavini Karilda Penya Qarsiyanın sözlərinə görə, denqe xəstəliyinə yoluxanlardan 12 nəfər (onlardan yeddisi 18 yaşdan kiçik) və çikunqunya xəstəliyinə yoluxanlardan 21 nəfər (onlardan 14-ü uşaq) dünyasını dəyişib.
Penya Qarsiya qeyd edib ki, ölkə üzrə yoluxma nisbəti azalsa da, bəzi ərazilərdə əksinə, epidemioloji vəziyyət pisləşir. Onun sözlərinə görə, ötən həftə Kubada çikunqunya xəstəliyinə 5717 yeni yoluxma halı qeydə alınıb. Yoluxma hallarının ümumi sayı 38 938 təşkil edir, onlardan 1 260-ı PCR testi ilə təsdiqlənib.