Bakı. Trend:
ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün immiqrant vizalarının verilməsini dayandırmaq qərarı verib.
Trend-in məlumatına görə, bu barədə Dövlət Departamentinin yaydığı rəsmi qeyddə bildirilir.
Qeyd olunur ki, sözügedən siyahıya Cənubi Qafqazın bütün respublikaları – Azərbaycan, Ermənistan və Gürcüstan da daxil edilib.
İmmiqrant vizalarının verilməsinin dayandırılması 21 yanvardan etibarən qüvvəyə minəcək və Dövlət Departamenti immiqrant viza prosesinə yenidən baxana qədər qeyri-müəyyən müddətə davam edəcək.
Dövlət Departamentinin memorandumunda konsulluq əməkdaşlarına mövcud qanunvericiliyə uyğun olaraq viza verilməsindən imtina etmələri tapşırılır. Eyni zamanda, nazirliyin öz seçim və qiymətləndirmə prosedurlarını yenidən nəzərdən keçirdiyi vurğulanır.
Bundan əlavə, təlimata əsasən konsulluq əməkdaşları sağlamlıq vəziyyəti, yaş, ingilis dili biliyi, maliyyə imkanları, eləcə də uzunmüddətli tibbi yardıma potensial ehtiyac kimi geniş amilləri nəzərə alaraq dövlət müavinətlərindən asılı hesab edilən müraciət edənlərə viza verməkdən imtina etməlidirlər.
Dayandırılmanın şamil edildiyi ölkələrin siyahısına Əfqanıstan, Albaniya, Əlcəzair, Antiqua və Barbuda, Ermənistan, Azərbaycan, Baham adaları, Banqladeş, Barbados, Belarus, Beliz, Butan, Bosniya, Braziliya, Myanma, Kamboca, Kamerun, Kabo-Verde, Kolumbiya, Kot-d’İvuar, Kuba, Konqo Demokratik Respublikası, Dominika, Misir, Eritreya, Efiopiya, Fici, Qambiya, Gürcüstan, Qana, Qrenada, Qvatemala, Qvineya, Haiti, İran, İraq, Yamayka, İordaniya, Qazaxıstan, Kosovo, Küveyt, Qırğızıstan, Laos, Livan, Liberiya, Liviya, Makedoniya, Moldova, Monqolustan, Monteneqro, Mərakeş, Nepal, Nikaraqua, Nigeriya, Pakistan, Konqo Respublikası, Rusiya, Ruanda, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər, Seneqal, Syerra-Leone, Somali, Cənubi Sudan, Sudan, Suriya, Tanzaniya, Tayland, Toqo, Tunis, Uqanda, Uruqvay, Özbəkistan və Yəmən daxildir.
