Bakı. Trend:
Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı ABŞ dollarının əsas dünya valyutalarına qarşı məzənnə dinamikasını əks etdirən dollar indeksi 96,2 bəndlik həddən aşağı enib.
Trend xəbər verir ki, ticarət məlumatlarına əsasən, bu göstərici 23 fevral 2022-ci ildən bəri ilk dəfə qeydə alınıb.
Bakı vaxtı ilə saat 20:38-ə olan məlumata görə, dollar indeksi 0,91 faiz azalaraq 96,175 bənd təşkil edib. Saat 21:08-ə doğru isə azalma tempi bir qədər zəifləyib və indeks 96,229 bənd (-0,85 faiz) səviyyəsində qərarlaşıb.
Qeyd edək ki, dollar indeksi ABŞ valyutasının altı əsas xarici valyutadan ibarət səbətə – avro, yen, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankına qarşı nisbətini əks etdirir. İndeksin yüksəlməsi dolların bu valyutalara qarşı möhkəmlənməsi, azalması isə zəifləməsi kimi qiymətləndirilir.
