Bakı. Trend:
ABŞ Müharibə Nazirliyi özəl şirkətlər tərəfindən kütləvi istehsal üçün təqdim edilmiş 25 kamikadze tipli pilotsuz uçuş aparatının prototipinin sınaqlarına başlayıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, sınaqlar Corciya ştatında yerləşən "Fort-Benning" quru qoşunları bazasında keçirilir. Testlər mart ayının əvvəlinədək davam edəcək. Kiçik və nisbətən ucuz dronlar, eləcə də onların istehsalçıları ciddi yoxlamadan keçirilir.
Proqramın 25 iştirakçısından biri olan “Red Cat” şirkətinin "Teal Drones" bölməsinin baş icraçı direktoru Ceff Tompson bildirib ki, Pentaqon kütləvi istehsalın təşkil edilməsinə üstünlük verir.
Onun sözlərinə görə, istehsalçı məhsulu vaxtında buraxıb təhvil verə bilməzsə, məsələn iki həftə gecikərsə, proqramdan kənarlaşdırılacaq.
Sınaqlar başa çatdıqdan sonra qalib şirkət dronların tədarükü üçün 150 milyon dollar məbləğində müqavilə əldə edəcək.
