Qazaxıstan 8 milyon tona yaxın taxıl ixrac edə bilər. Trend -in Astanadakı müxbiri xəbər verir ki, bu haqda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi bildirib. Cari ildə Qazaxıstan taxılının ixrac potensialı keçən ilin ehtiyatları da nəzərə alınsa, 7.5 milyon ton təşkil edir. Bu haqda Kənd Təsərrüfatı Nazirliyi departamentinin direktoru Anna Buts Astanadakı mətbuat konfransında bildirib. "Taxılın balansı bizə həm daxili ehtiyaclarımızı ödəməyə, həm də cari ilin məhsulundan 7-7,5 milyon tona qədər xarici bazara çıxarmağa imkan verir" - deyə o qeyd edib və əlavə olaraq bildirib ki, ölkə hər il stabil olaraq 4 milyon ton taxıl ixrac edir.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, cari ildə bir çox ənənəvi ixrac ölkələrində taxılın istehsalı azalacaq. Cari ildə yaxşı taxıl məhsulu toplayan Qazaxıstan xarici bazarda ən böyük taxıl tədarükçüsü ola bilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi deyib ki, Qazaxıstan hazırda böyük taxıl ixracatçısı olan səkkizliyə daxil olur.