Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Elmir Murad/
Bakıda silsilə oğurluq hadisələri törətmiş şəxslər saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə daxil olan məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 9-da M.Cəlal küçəsində Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Xatirə Əsgərovanın idarə etdiyi "Beta" şirkətinə məxsus "Hyundai" markalı avtomobilin yük yerindən, kilidi sındırmaqla çay məmulatları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1981-ci il təvəllüdlü Əli Hüseynov və əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Rəşad Hüseynov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, onların əməlləri bununla bitmir. Belə ki, onlar bu il aprelin 26-ə keçən gecə Rəsulzadə qəsəbəsində Sərvər Mustafayevə məxsus "VAZ-2107", iyunun 6-da 6-cı mikrorayonda Xalid Nəcəfova məxsus "Kia", iyunun 15-də S.Məmmədova küçəsində Fərhad Məmmədova məxsus "Niva", avqustun 2-də R.Behbudov küçəsində Emil Sadıqova məxsus "Nisan-Sunny" və oktyabrın 3-nə keçən gecə, Cavadxan küçəsində Fəyyar Xankişiyevə məxsus "Lexsus" markalı avtomobillərdən, şüşəni sındırılmaqla maqnitafon, səsgücləndirici, pul və digər əşyalar talayıblar.
İyunun 27-ə keçən gecə, Azər Quliyevə məxsus, A.Məmmədov küçəsində, oktyabrın 13-ə keçən gecə Oktay Rəcixanova məxsus, Cavadxan küçəsində və oktyabrın 20-ə keçən gecə, Bayram Qaraxanova məxsus, S.Məmmədova küçəsində yerləşən mağazalardan spirtli içkilər, tütün məmulatları və digər əşyalar oğurlayıblar.
Sentyabrın 17-ə keçən gecə, Lətif Seyidəliyevə məxsus, M.Kazımovski küçəsində yerləşən "Topaz" məntəqəsindən 50 manat, lotoreya biletləri və mobil telefon, sentyabrin 25-dən 29-dək olan müddətdə M.Cəlal küçəsində Aleksandr Mehdiyevə məxsus qarajdan 2 ədəd velosiped, cari ilin may ayından oktyabrın 4-dək olan müddətdə M.Cəlal küçəsində Mahir İsgəndərova məxsus zirzəmidən 4 ədəd təkər və sentyabrın 17-dən oktyabrın 2-dək olan müddətdə isə M.Cəlal küçəsində Elnur Süleymanlıya məxsus saxlanc yerindən, qapının kilidi sındırılmaqla velosiped aparıblar.