Bakı. Trend:
Avropa Komissiyası Avropa İttifaqının Birləşmələr haqqında Reqlamentinə uyğun olaraq "SOCAR Aliağa Liman İşletmeciliyi A.Ş"nin (“SOCAR Terminal”) üzərində birgə nəzarətin "SOCAR Turkey Enerji A.Ş." (“STEAS”) və "Terminal Investment Switzerland Sàrl" (“TISS”) tərəfindən əldə olunmasını təsdiqləyib. Qeyd edək ki, TISS "MSC Mediterranean Shipping Company Holding S.A."nın (İsveçrə) və "BlackRock, Inc."in (ABŞ) birgə nəzarətindədir.
Bu barədə Trend Avropa Komissiyasına istinadən xəbər verir.
Sövdələşmə əsasən, Türkiyənin İzmir vilayətinin Aliağa bölgəsində konteyner terminalı xidmətlərinin göstərilməsi ilə bağlıdır.
Komissiya Avropa İqtisadi Zonaya məhdud təsiri nəzərə alaraq, sövdələşmənin rəqabətlə bağlı problemlər yaratmayacağı qənaətinə gəlib. Sövdələşmə birləşmələrin yoxlanılması üzrə sadələşdirilmiş prosedur çərçivəsində nəzərdən keçirilib.
Qeyd edək ki, Egey regionunun ən böyük konteyner limanı olan SOCAR Terminal 700 metr uzunluğunda fasiləsiz körpüyə, 16 metr dərinliyə, 420 min m² sahəni əhatə edən liman ərazisinə və 30 min m²-lik arxa zonaya malikdir ki, bu da ona həm regional, həm də qlobal ticarət baxımından strateji əhəmiyyət qazandırır. Terminal yeni nəsil ULCS sinfinə aid gəmiləri qəbul etmək, eyni zamanda bir neçə iri gəmini sürətləndirilmiş rejimdə xidmətlə təmin etmək və gözləmə müddətini minimuma endirmək imkanına malikdir.
“Gələcəyin limanı” konsepsiyası çərçivəsində fəaliyyət göstərən SOCAR Terminal əməyin mühafizəsi və təhlükəsizlik üzrə ən yüksək standartları tətbiq edir, rəqəmsallaşma və texnologiyalara yatırımlar hesabına sahədə lider mövqelərini qoruyub saxlayır. Bununla yanaşı, terminal karbon izinin azaldılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına və enerji səmərəliliyinin artırılmasına yönəlmiş dayanıqlı biznes modeli formalaşdırır.
