Bakı. Elçin Mehdiyev - Trend:
Bu gün Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Virtual Qarabağ" İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi "Ağdama virtual səyahət" 3D qrafik təsvirli və "Qarabağ atı" animasiya filmlərinin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış "Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi"nin təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, layihələr haqqında məlumat verən Mərkəzin əlaqələndiricisi Nurəddin Mehdiyev bildirib ki, Azərbaycan və ingilis dillərində istehsal olunan 3D qrafik təsvirli film vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin Ağdam rayonunun tarixi abidələri, meydanları, küçələri qrafik təsvirlər sanki canlandırılır.
N.Mehdiyev qeyd edib ki, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin eyniadlı şeiri əsasında çəkilən digər - "Qarabağ atı" animasiya filminin məqsədi tarixi təhriflərin və erməni yalanlarının qarşısının alınması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək, onların Qarabağ haqqında biliklərini artırmaqdır.
O, əlavə edib ki, "Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi" layihəsinin həyata keçirilməsində əsas səbəb interaktiv xəritə üzərində Qarabağda mövcud olan abidələrin GPS koordinatları ilə birlikdə pasportlaşdırılması, abidələrin Azərbaycana məxsusluğunun nümayiş etdirilməsi, gənclərin Qarabağ abidələri haqqında məlumatlılığının artırılmasıdır.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, indi şəraitdə ən vacib məsələlrdən biri də milli-mədəni sərvətlərimizə sahib çıxmaq və bununla bağlı məlumatları beynəlxalq ictimaiyyətə çatdırmaqdır: "Bu baxımdan təqdim edilən məhsullar beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması üçün tutarlı vəsaitdir. Eyni zamanda bu məhsullar erməni yalanına qarşı aparılan mübarizəyə öz dəyərli töhfəsini verəcək".