...

QMİ 110 il əvvəl işıq üzü görmüş "Kəşfül-Həqayiq" kitabını yenidən nəşr etdirib (FOTO)

Cəmiyyət Materials 1 Aprel 2014 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən din xadimlərinin, dindarların və ümumilikdə cəmiyyətin dini sahədə maarifləndirilməsi məqsədilə həyata keçirilən silsilə tədbirlərin davamı olaraq Mirməhəmməd Kərim Bakuvinin "Kəşfül-Həqayiq" əsəri yenidən nəşr olunub.

QMİ-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, "Qurani-Şərif"in Azərbaycan dilində təfsiri olan bu əsər müasir üslubda, nəfis şəkildə üç cilddə çap edilib. Nəşrin baş məsləhətçisi QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə, redaktorları hacı Salman Musayev, hacı Fuad Nurullah, Əhməd Niyazov və Siracəddin Hacıdır. Kitab nəşrə Abbas Qurbanov tərəfindən hazırlanıb.

Kitabın "Təqdimat" hissəsində müəllif Mirməhəmməd Kərim Bakuvinin şəxsiyyəti, dünyagörüşü və islami fikirlərini yüksək qiymətləndirən Allahşükür Paşazadə əsərin tarixi və milli-mənəvi dəyərlər baxımından diqqətəlayiq olması səbəbindən onun müasir əlifba ilə yenidən nəşr edilərək cəmiyyətə təqdim edilməsinin əhəmiyyətini vurğulayıb.

Kitabda Mirməhəmməd Kərim Bakuvinin həyatı, elmi və ictimai fəaliyyəti haqqında da məlumat verilib, müəllifin əsərin yazılması zamanı tətbiq etdiyi təfsir metodları, istifadə etdiyi hədis qaynaqları və əsərin digər klassik təfsirlərdən fərqli cəhətlərindən bəhs olunur.

Qeyd edək ki, "Kəşfül-Həqayiq an Nukətil-Ayəti vəd-Dəqayiq" (Ayələr və keyfiyyətlərinin incəlikləri haqqında həqiqətlərin kəşfi) adlanan əsər ilk dəfə 1904-cü ildə Hacı Zeynalabidin Tağıyevin maddi vəsaiti ilə Tiflisdə "Kaspi" qəzetinin Buxariyyə mətbəəsində çap olunub. İlk dəfə Azərbaycan türkcəsində nəşr olunan təfsir İslam aləmində böyük əks-səda yaratmış və müəllifə böyük şöhrət qazandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti