...

Bakıda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının iclası keçirilir (FOTO)

Cəmiyyət Materials 5 Noyabr 2015 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

5-7 noyabr 2015-ci il tarixlərdə Bakıda "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının İdarə Heyətinin növbəti iclası keçiriləcək. Bu məqsədlə İdarə Heyətinin üzvləri gənclər və idman naziri Azad Rəhimovla görüşüblər.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, A.Rəhimov, ilk növbədə, ölkədə mövcud olan gənclər siyasəti, Azərbaycan gəncliyi Dövlət Proqramı, 300-dən artıq gənclər təşkilatının fəaliyyəti, nazirliyin təşkilatlara göstərdiyi dəstək barədə məlumat verib. Daha sonra nazir 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə tarixi "Böyük İpək Yolu"nun bərpası üzrə Avropa və Asiya dövlət başçılarının birinci Zirvə görüşünə həsr olunmuş beynəlxalq konfransın keçirildiyini qonaqların diqqətinə catdırıb.

A.Rəhimov vurğulayıb ki, məhz Heydər Əliyevin böyük səyləri nəticəsində Avropa və Asiyanı bir-birinə daha çox bağlayacaq "Böyük İpək Yolu" proqramını həyata keçirən təşkilatın katibliyinin Bakıda yerləşməsi haqqında qərar verilib: "Tarixi "Böyük İpək Yolu"nun bərpası üzrə aparılan işlər Azərbaycanın dünya ölkələri ilə inteqrasiyasının daha da güclənməsinə xidmət edir. Bundan başqa, müasir dövrün çağırışlarına uyğun olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqun qurulmasında Azərbaycanın əhəmiyyətli rolu artır. Azərbaycanın təşəbbüsü ilə 2012-ci ilin iyun ayında Bakıda birinci "Böyük İpək Yolu" Beynəlxalq Gənclər Konqresi keçirilib. Nəticədə eyniadlı yeni beynəlxalq gənclər platforması təsis edilib və dövlət qeydiyyatına alınıb".

"Böyük İpək yolu" Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov nazirə qəbul üçün təşəkkürünü bildirib, 6 noyabr tarixdən etibarən Bakıda başlayacaq "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının İdarə Heyətinin növbəti iclası haqqında geniş məlumat verib. F.Muradov İttifaqın əsas məqsədinin "Böyük İpək Yolu" üzərində yerləşən ölkələr arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə vermək üçün gənclər arasında tolerantlığı, qarşılıqlı anlaşmanı inkişaf etdirmək olduğunu diqqətə çatdırıb. Bildirilib ki, hazırda İttifaqa 32 ölkədən üzv təşkilat daxildir.

İttifaqın gördüyü işlər haqqında məlumat verən qonaqlar 2012-2015-ci illərdə İttifaqın 25-dən (Gənc şairələrin beynəlxalq forumu, "Bərabər iştirak üçün birgə qatıl" adlı beynəlxalq seminar, Gənc sahibkarlar forumu, "Böyük İpək Yolu" gənclər düşərgəsi və s.) artıq beynəlxalq və yerli səviyyəli tədbir keçirdiyini və bir sıra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələri qurduqlarını diqqətə çatdırıblar. Eyni zamanda İttifaq üzvləri Bakı, Astana, İstanbul, Budapeşt və Saloniki şəhərlərində İdarə heyətlərinin iclaslarının keçirilməsi haqqında da məlumat veriblər.

Çıxış edən qonaqlar Böyük İpək Yolunun xalqların iqtisadi, mədəni, siyasi inkişafında, diplomatik əlaqələrin qurulmasında əvəzedilməz rol oynadığı vurğulanıb. Qeyd edilib ki, "Böyük İpək Yolu" müasir dövr üçün regional və beynəlxalq iqtisadi, siyasi münasibətlərin genişlənməsinə, ticarət və əməkdaşlıq əlaqələrinin qurulmasına, mədəniyyətlər və sivilizasiyalararası dialoqun yaranmasına və inkişafına böyük töhfə vermiş təşkilatdır.

İclasda Azərbaycan, Misir, Macarıstan, Qazaxıstan, Çin, Hindistan, Mərakeş, Türkiyə, Yunanıstan, Gürcüstan, ümumilikdə 13 ölkənin İdarə Heyətinin üzvləri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti