Azərbaycan, Bakı, 1 iyul /Trend/
VI Azərbaycan-Rusiya forumu gələn yay Yekaterinburqda keçiriləcək. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Sverdlovsk vilayəti qubernatorunun İnformasiya siyasəti departamentindən bildiriblər.
Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev Qəbələdə keçirilən V Azərbaycan-Rusiya regionlararası əməkdaşlıq forumunda jurnalistlərə demişdi ki, Rusiya altıncı foruma ev sahibliyi edəcək: "Yekaterinburq, İnquşetiya, Stavropol diyarı və Dağıstan forumu keçirmək istəklərini bildiriblər".
Forumun humanitar-təhsil hissəsində iştirak etmiş Ural İqtisadi Universitetinin rektoru Mixail Fyodorovun sözlərinə görə, gələn il iki ölkə gənclərinin Böyük Vətən müharibəsində qazanılan qələbəni qeyd etməsi üçün məkan ayrılacaq.
O qeyd edib ki, Yekaterinburq Rusiyada Azərbaycanla əmtəə dövriyyəsinin həcminə görə Moskvadan sonra ikinci şəhərdir: "Qərar Uralda böyük Azərbaycan diasporunun olması və bu ölkə ilə geniş əlaqələrin mövcudluğu nəzərə alınmaqla qəbul edilib".
Forum növbəli olaraq Azərbaycanda və Rusiyada keçirilir. Forum Qəbələdən öncə Bakıda, Həştərxanda və Volqoqradda təşkil edilib.