...

"Microsoft Imagine Cup 2016" müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2016 13:51 (UTC +04:00)
Bakıda “Microsoft Imagine Cup 2016” irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsi keçirilib.
"Microsoft Imagine Cup 2016" müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib

Bakı. Trend:

Bakıda "Microsoft Imagine Cup 2016" irimiqyaslı beynəlxalq texnologiya müsabiqəsinin Milli Final mərhələsi keçirilib.

"Sosial layihələr", "İnnovasiya" və "Oyunlar" nominasiyaları üzrə ən yaxşıları olmuş üç komanda müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb ki, bu mərhələdə onlayn səsvermə təşkil olunacaq və bununla da komandalar müsabiqənin əsas mükafatı - layihələrin inkişafı üçün 50 000 min ABŞ dolları uğrunda mübarizə aparmaq şansı əldə edib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Yüksək Texnologiya Parkının dəstəyi ilə "Microsoft Azerbaijan" və "Nar" şirkətləri tərəfindən təşkil olunmuş "Microsoft Imagine Cup 2016" müsabiqəsinin Milli Finalının qalibləri müəyyənləşib. Layihələrin təqdimatı və müdafiəsinin nəticələrinə əsasən, münsiflər heyəti bu ilin may ayında keçiriləcək beynəlxalq müsabiqənin onlayn mərhələsində Azərbaycanı təmsil edəcək 3 komandanın adını müəyyənləşdirib.

""Microsoft Imagine Cup" - innovasiya sahəsində gənclərin gələcək inkişafı, karyera yüksəlişi və yeni perspektivlərə təkan verən bir müsabiqədir. Məqsədimiz Azərbaycan tələbələrinin istedadını üzə çıxarmaq, onların sabahın bazar tələblərinə hazırlıqlı mütəxəssis kimi yetişdirilmələri üçün şərait yaratmaqdır. Biz tərəfdaşımızla birgə yenilikçi fikir və texniki həllərin yerli və beynəlxalq bazarlara çıxarıla bilməsi üçün elə bir ekosistem yaratmaq istəyirik", - deyə "Microsoft Azerbaijan" şirkətinin baş meneceri Sərxan Həşimov tədbir iştirakçılarını salamlayaraq bildirib.

Müsabiqədə iştirak etmək üçün "Microsoft" platforması üzərində innovativ proqram layihəsi, "Microsoft" texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya istənilən "Microsoft Windows" platformaları üzərində orijinal oyun hazırlamaq lazım idi.

Müsabiqə çərçivəsində ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç kateqoriya üzrə iştirak edib - "İnnovasiya", "Sosial layihələr" və "Oyunlar". "Sosial layihələr" nominasiyasında SABAH Qruplarından olan "TechSOS" komandası qalib gəlib. Komandanın tərkibinə daxil olan Aytac Ağabəyli, Günay Abdullayeva, Nailə İsmayılova və Sənan Quluzadə 3 hissədən ibarət olan (smartfonlar üçün tətbiq, bulud tətbiqi və avadanlıq) yıxılmanın müəyyən edilməsi sistemini hazırlayıblar. Kiçik həcmli peycerə bənzər avadanlıq yaşlı insanın kəmərinə bərkidilir, smartfon isə adətən sözügedən ahıl insanın qohumunda olur və o, yıxılma baş verdiyi halda bulud tətbiqi vasitəsilə hadisə və hadisənin baş verdiyi yer haqda dərhal məlumat alır. Bu məhsul məlumatlandırma və ilkin yardım proseslərini sürətləndirməyə yardım edir.

"İnnovasiya" nominasiyasında "JavaSet" komandası qalib gəlib. Komandanın üzvləri Nicat Cavadov və Yesset Jusupov sifəti müəyyənetmə funksiyası vasitəsilə emosiyaların identifikasiyası layihəsini təqdim ediblər. Bu məhsul müəllimlərə dərslərin daha effektiv və keyfiyyətli olmasına yardım edəcək. Belə ki, auditoriyanın görüntüsünü çəkən bu məhsul məktəblilərin və ya tələbələrin sifətlərinin müəyyən edir və müəllim istənilən şagirdin emosiyasını təyin edə bilir. Məhsulun şagird və tələbələrin gərginlik və ya narazılığının müəyyən edilməsi onların dərsi başa düşməməsindən xəbər verir və belə olduğu halda müəllim fənni təkrarən izah bilir.

"Oyunlar" nominasiyasında ADA Universitetinin "The Corp" komandası qalib gəlib. Tələbələr Ülviyyə Məmmədzadə, Toğrul Rəhimli, Ramazan Süleymanlı və Əli Babayev görüntüsü olmayan səsli macəra oyununu hazırlayaraq təqdim ediblər. İnsan və tətbiq arasında aparılan dialoq vasitəsilə oyunun müxtəlif mərhələlərini keçmək mümkündür. Bu məhsul məkan təfəkkürü və məntiqin formalaşmasına yardım edir.

Qeyd edək ki, builki müsabiqədə iştirak edən 25 komandadan 15-i milli seçim turunu və onlayn yarımfinalı uğurla keçib və Milli Finala vəsiqə qazanıb. Ümumdünya Finalında olduğu kimi Milli Finalda da müsabiqədə iştirak edən ali və peşə təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar üç nominasiya üzrə yarışdılar: "İnnovasiya", "Oyunlar" və "Sosial layihələr". Bu nominasiyalar üzrə qalib gələn komandalar müsabiqənin beynəlxalq yarımfinalında və bu mərhələdə uğur qazanacaqları təqdirdə Azərbaycanı bu ilin iyul ayında keçiriləcək finalda təmsil etməyə şans qazanacaqlar.

Xatırladaq ki, ötən "Microsoft Imagine Cup 2015" müsabiqəsində Azərbaycanı təmsil edən komanda sözügedən yarışmada uğur qazana bilib. Bakı Dövlət Universitetinin və Xəzər Universitetinin tələbələri olan Nizami İsmayılov, Arif Mövsümzadə, Fidan və Ülviyyə Rüstəmovalardan ibarət "NoObs" komandası "İnnovasiyalar" nominasiyasında II yeri tutub. Bu müsabiqədə ilk dəfə iştirak edən Azərbaycanın komandasına "bluetooth-tənzimçilər" dəsti, həmçinin qaməti əymədən oturmaq və durmaq vərdişi yaradan "Windows Phone" platformalı smartfonlar üçün proqram təminatı olan "Spinal" layihəsi uğur gətirib.

"Microsoft" haqqında:
1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri. Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti