...

2016-cı ildə vergi islahatlarının perspektivləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2016 10:37 (UTC +04:00)

Bakı. Trend:

Emil Qarayev, Deloitte Azərbaycanın Vergi üzrə Direktoru

Heç kimdə şübhə doğurmur ki, 2016-cı il Azərbaycanda şəffaflaşmaya yönəlmiş köklü iqtisadi islahatların, yeni bazar qaydalarının formalaşdığı bir il olaraq yadda qalacaqdır. Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinin təyin olunması və bu sahədəki iqtisadi islahatların vahid mərkəzdən idarə olunması görülən tədbirlərin effektivliyi baxımından xüsusilə əhəmiyyətlidir.

Cari ilin əvvəlindən başlayaraq müxtəlif sahələrdə aparılan islahatların məntiqi davamı olaraq vergi orqanlarının, habelə vergi qanunvericiliyinin yeni bazar qaydalarına uyğunluğunun təmin edilməsi gözlənilən idi və belə də oldu. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il sərəncamı ilə təsdiq edilmiş 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri üzrə proqram bu sahədə əhəmiyyətli və müsbət dəyişikliklər vəd edir. Hazırki məqalədə həyata keçirilməsi planlaşdırılan bu islahatları zəruri edən hallar və onların gözlənilən nəticələri barədə təhlil aparılmışdır.

Müasir vergi inzibatçılığının tətbiqi

Hesab etmək olar ki, bazar iştirakçılarının vergi ödəmək potensialının müəyyən edilməsi bütün prosesin başlanğıc nöqtəsidir. Hər bir il üçün dövlət büdcəsinin gəlir hissəsi formalaşdırılarkən burada nəzərdə tutulan vergi daxilolmaları mövcud iqtisadi reallıqlar əsasında formalaşdırılmalı, vergi ödəyiciləri tərəfindən əvvəlki ildə həyata keçirilmiş və potensial olaraq qaytarılmalı və ya əvəzləşdirilməli olan məbləğlər dəqiqliklə nəzərə alınmalıdır. Bu sahədə olan qeyri-dəqiqlik sonradan vergi orqanlarının qarşısına qoyulan yığım planlarının icrasına çətinlik törədir və son nəticədə həm sahibkarlıq subyektlərinin həm də dövlət orqanlarının işində pozuntulara gətirib çıxarır.

Vergi inzibatçılığının vergi siyasətini həyata keçirən praktiki alət olmasını nəzərə alaraq bu sahədə ciddi islahatlar aparılacağını gözləmək olar. Sərəncamdan da aydın olur ki, qarşıda duran məqsəd vergi ödəyiciləri və vergi orqanları arasında təması minimuma endirmək, elektron audit kimi məsafədən nəzarət tədbirlərinə üstünlük verməkdir. Vergi yoxlaması əlavə vergi toplamaq üçün vasitə yox vergidən yayınmanın qarşısını almaq üçün çəkindirici tədbir olmalıdır. İstər kameral istərsə də səyyar vergi yoxlamalarının aparılma əsaslarında konkretlik yaradılmalı, yoxlamaların təyin edilməsi üçün konkret meyarlar müəyyən edilməli və başlanılan yoxlamanın əsasları barədə vergi ödəyicisinə məlumat verilməsi təmin edilməlidir. Aparılacaq islahatlar vergi ödəyiciləri tərəfindən tam və düzgün uçotun qurulmasını da zəruri edəcək. Dövlətin bu sahədə olan resursları qənaətlə istifadə edilməli və yoxlamalar mümkün qədər selektiv aparılaraq onların tez bir zamanda başa çatdırılması təmin edilməlidir. Elə Sərəncamdan müşahidə olunan budur ki, bu sahədə mümkün qədər obyektiv yanaşmanı təmin etmək məqsədilə hökumət bir sıra qabaqcıl tədbirlər görmək niyyətindədir. Bu cür tədbirlərə vergi öhdəliklərinin məbləğinin əvvəldən vergi orqanları ilə razılaşdırılması (Advance tax ruling), “rəqəmsal iqtisadiyyatın” (digital economy) vergiyə cəlb edilməsi, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma (Whistleblow) və könüllü vergi açıqlaması (Voluntary tax disclosure) kimi mütərəqqi tədbirlər misal göstərilə bilər. Könüllü vergi açıqlaması sisteminin maraqlı cəhəti ondan ibarətdir ki, bu bazarda fəaliyyət göstərən əksər sahibkarlıq subyektləri üçün maraqlı ola bilər. ABŞ-da geniş tətbiq olunan bu proqram dövlət və sahibkarlıq subyekti arasında müqavilə bağlanmasını ehtiva edir və hər iki tərəf üçün fayda vəd edir. Belə ki, əvvəllər uçotdan gizlədilmiş gəlirlər və ya əmlak bəyan olunduqda dövlət üçün əlavə gəlir mənbəyi formalaşır. Bunun müqabilində isə dövlət tərəfindən tətbiq oluna biləcək maliyyə sanksiyaları, faizlər və s. tətbiq olunmur. ABŞ-ın bəzi ştatlarında Könüllü vergi açıqlaması müqaviləsi bağlandığı zaman keçmişdə baş vermiş pozuntulara görə vergi ödəyicisi məsuliyyətə cəlb olunmur və gələcəkdə qanunvericiliyə tam əməl edəcəyi barədə öhdəlik götürür. Bu isə bir növ vergi amnistiyasını xatırladır. Təəssüf ki, Azərbaycanda hələ də kölgə iqtisadiyyatı böyük çəkiyə malikdir. 2016-cı ildən etibarən aparılan islahatların əsasən kölgə iqtisadiyyatının şəffaflaşdırılmasına yönəldiyini nəzərə alsaq, bu sistemin tətbiqi vergi ödəyiciləri tərəfindən əvvəllər uçotdan gizlədilən və ya aşağı dəyərlə uçota alınan aktivlərin, habelə dövriyyə vəsaitlərinin şəffaflaşdırılmasında xüsusi əhəmiyyət kəsb edəcəyi şübhəsizdir.

Nağdsız iqtisadiyyata keçid

Nağd pul dövriyyəsinin məhdudlaşdırılması, habelə elektron qaimə kimi qabaqcıl sistemlərin tətbiqi da kölgə iqtisadiyyatının aradan qaldırılması və şəffaflaşmanın təmin edilməsində əsas faktorlardan biri olacaqdır. İstər ticarət istərsə də xidmət sektorunda böyük nağd pul dövriyyəsinin mövcudluğu, habelə avtomatlaşdırılmış informasiya sistemlərindən istifadə edilməməsi həm sahibkarlıq subyektlərinin işinə çətinlik törədir, həm də dövlət tərəfindən nəzarət tədbirlərinə böyük resurs cəlb edilməsini tələb edir. Qeyd olunan qabaqcıl tədbirlərin tətbiqi həm də yerli müəssisə və təşkilatlarda vəzifə saxtakarlıqlarının, mənimsəmə və dələduzluq hallarının qarşısının alınmasına kömək edəcək.

Kənd təsərrüfatı fəaliyyəti üçün güzəştlərin dəqiqləşdirilməsi

Sevindirici haldır ki, Sərəncam həmçinin Azərbaycan iqtisadiyyatının strateji sahələrindən biri olan kənd təsərrüfatı sahəsində mövcud olan problemli vergi məsələlərinin aradan qaldırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Məlum olduğu kimi, hal-hazırda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) şəxslər bu fəaliyyətləri üzrə gəlir vergisi, mənfəət vergisi, əlavə dəyər vergisi, əmlak vergisi, həmçinin də sadələşdirilmiş vergidən azad olunmuşdur. Təəssüf ki, Azərbaycan Respublikasının qanunvericilik aktlarında “kənd təsərrüfatı məhsullarının istehsalı” və “kənd təsərrüfatı məhsullarının emalı” anlayışlarının olmaması qeyd olunan vergi güzəştinin tətbiqi dairəsi ilə bağlı praktiki çətinliyə gətirib çıxarmışdır. Bu isə öz növbəsində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinə öz vergi öhdəliklərinin müəyyən edilməsində çətinliklər yaradır. Qeyd olunan anlayışların müəyyən olunması iqtisadiyyatın bu strateji sahəsinə böyük töhfə verəcək.

Beynəlxalq kommersiya əməliyyatları və vergi münasibətləri

Uzun zaman diqqətdən kənarda qalan məsələlərdən biri də Azərbaycan vergi rezidentlərinin xarici ölkələrdə, habelə bu ölkələr vasitəsilə apardığı əməliyyatların vergiyə cəlb edilməsi ilə bağlıdır. Sərəncamda “ofşor” yursidiksiyaların vurğulanması güzəştli vergi tutulan ölkələrdə əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi məsələsinin, konkret olaraq Vergi Məcəlləsinin 128-ci maddəsinin tətbiqinin aktuallaşacağından xəbər verir. Bir çox dövlətlərdə olduğu kimi Azərbaycan Respublikasında da bu gəlirlərin müəyyən edilməsində olan çətinlik məlumatların əldə edilməsi imkanları ilə bağlıdır. Sərəncamdan aydın olur ki, Azərbaycan Respublikası vergiqoyma üzrə məlumat mübadiləsi sistemlərinə qoşulmaqla bağlı tədbirləri daha da genişləndirəcək və daha çox ölkə ilə analoji müqavilələr bağlayacaqdır. Bu cür məlumat mübadiləsi proqramları xüsusilə maliyyə institutlarından müştərilərin identifikasiyası üzrə daha ətraflı təhlil aparmağı tələb edir. Məlumat üçün qeyd edək ki, Azərbaycan və ABŞ arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act - FATCA) tələblərinin həyata keçirilməsi barədə Saziş 5 noyabr 2015-ci il tarixdən qüvvədədir və illik əsasda qarşılıqlı olaraq vergi rezidentlərinin bank və digər maliyyə institutlarında olan hesabları barədə məlumatların mübadiləsini nəzərdə tutur.

Sərəncamda beynəlxalq vergiqoymaya dair vurğulanan məsələlərdən biri də transfert qiymətləndirmə (Transfer pricing) konsepsiyasıdır. Transfert qiymətləndirmə əlaqəli şəxslər (nəzarət olunan əməliyyatlar üzrə) arasında təqdim edilən mal, iş və xidmətlərin qiymətlərinin müəyyən edilməsidir. Transfert qiymətləndirmə beynəlxalq şirkətlərin fəaliyyət göstərdikləri dövlətlər arasında vergiyə cəlb olunan mənfəətlərini bölüşdürmək üçün istifadə etdikləri mexanizm kimi istifadə olunur.

Müqavilə tərəflərinin müstəqilliyi və bərabərliyi prinsipi əsasında müəyyən olunmuş transfert qiymət satıcının qarşılıqlı asılı şəxsdən əldə etdiyi gəliri müstəqil tərəfdən əldə edə biləcəyi gəlir kimi nəzərdən keçirir. Transfert qiymətləndirmə korporativ vergidən yayınmanın (xüsusilə gəlirin vergi güzəşti olan yurisdiksiyalara ötürülməsi yolu ilə) qarşısının alınmasında geniş şəkildə istifadə olunur. Rusiya, Gürcüstan və regionun bəzi digər ölkələrində bununla bağlı artıq müsbət təcrübə mövcuddur və Azərbaycanda da qeyd olunan qanunvericiliyin qəbul edilməsi əlaqəli şəxslər arasında baş verən əməliyyatların vergiyə cəlb edilməsində subyektivlik hallarının aradan qaldırılmasına kömək edəcəkdir.

Hər bir ölkənin vergi nöqteyi-nəzərdən xarici investorlar üçün cəlbediciliyi həm də o dövlətin ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı imzaladığı müqavilələr və onların tətbiqi şərtlərindən asılıdır. Hazırda Azərbaycan müxtəlif ölkələrlə 50-dən artıq belə saziş imzalamışdır. Bu sazişlər Azərbaycan mənbəyindən gəlir əldə edən xarici hüquqi və fiziki şəxslərə müəyyən vergi güzəştlərinin verilməsini nəzərdə tutur. Lakin Azərbaycanda tətbiq olunan hazırki inzibatçılıq qaydaları dividend, faiz və royalti gəlirləri istisna olmaqla, vergi agenti (Azərbaycanda xarici şəxsə ödəniş edən rezident şəxs) tərəfindən güzəştli vergi dərəcələrinin əvvəlcədən tətbiqinə imkan vermir. Xarici ölkənin rezidenti yalnız faktiki tutulmuş verginin vergi orqanları tərəfindən qaytarılması güzəştli vergi dərəcələrindən istifadə edə bilər. Lakin hər hansı artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması prosesi kifayət qədər mürəkkəb prosesdir və xeyli vaxt və resurs tələb edir. Nəticədə, sazişlərdə nəzərdə tutulan bir çox güzəştlər təcrübədə tətbiq edilmir. Bu isə xarici investorları Azərbaycanı daha az cəlbedici investisiya mühiti olan yurisdiksiya kimi nəzərdən keçirməyə vadar edir. Bu səbəbdən də Sərəncamda sazişlərin inzibatçılığı qaydalarının sadələşdirilməsi üzrə təbirlərin həyata keçirilməsi tələbi qoyulmuşdur.

Rəqabətlilik və vergilərin diferensiallaşdırılması

Mövcud bazar iştirakçıları arasında ədalətli rəqabətə imkan yaradacaq mühitin formalaşdırılması da xüsusi əhəmiyyət kəsb edən məqamlardan biridir. Sərəncamda nəzərdə tutulan nəzarət-kassa aparatları tətbiq etmədən fəaliyyət göstərən fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi formasında müəyyən edilməsi, diferensiallaşdırılmış ƏDV dərəcələri, topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən edilməsi tələbləri bu qəbildən olan tədbirlərdəndir.
Vergiqoyma iqtisadiyyatı tənzimləyən əsas alətlərdən biri olduğu üçün bu sahədə aparılacaq islahatların nə qədər müvəffəqiyyətlə başa çatdırılması Azərbaycanın gələcək iqtisadi həyatına həlledici təsirə malik olacaqdır. Hökumət tərəfindən Azərbaycanın iqtisadiyyatı üçün müəyyən olunmuş strateji hədəflərə nail olmaq tamamilə olmasa da əhəmiyyətli hissədə sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin formalaşdırılması ilə mümkün olacaqdır. Buna görə də aparılacaq islahatlar iqtisadiyyatın maksimum şəffaflaşdırılmasına xidmət etməli və Azərbaycan Respublikasının investisiya mühitini inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti