Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın əməkdar jurnalisti Nəsir İmanquliyevin yaşadığı Bakı şəhəri, Nizami küçəsi, 66 ünvanındakı evi muzeyə cevriləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakı Dövlət Universitetində Nəsir İmanquliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar keçirilən elmi konfrans zamanı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva deyib.
"Biz ailə müzakirəsində belə qərara gəldik ki, Nəsir müəllimin yaşadığı evi muzeyə çevirək və gələcəkdə bura jurnalistlərin evi olsun, bu muzey jurnalist peşəsinə sadiq olan, jurnalistikanı özünə peşə seçmiş bütün gənclərə, müəllimlərə xidmət etsin və bu evin qapıları həmişə sizlərə açıq olsun", - Paşayeva bildirib.
Nəsir İmanquliyevin yaradıcılığı haqqında geniş danışan Paşayevanın sözlərinə görə, babası bütün fəaliyyəti ərzində Azərbaycanda jurnalistikanın təməlini qoyan və onu inkişaf etdirən klassiklərimizin ənənələrini davam etdirib.
XX əsrin əvvəllərində bu peşəyə sahib olanlar, bu peşəni Azərbaycan müstəvisinə gətirənlərin adlarını yada salan Paşayeva deyib ki, həmin şəxslər Məhəmməd ağa Şaxtaxtlı, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev və ölməz Mirzə Cəlil idi. Məhz onların məktəbini onlardan sonra gələn görkəmli jurnalist nəsli qəbul edib və bu ənənələri inkişaf etdirərək davam etdirib.
Paşayevanın sözlərinə görə, əgər onların fədakar əməyi olmasaydı, jurnalist peşəsi Azərbaycanda bu qədər mükəmməl formada təşəkkül tapa bilməzdi. Rektor deyib ki, bu mənada Nəsir müəllimin fəaliyyəti də böyük simaların, nəsillərin və tarixin bir mərhələsi olub.
Paşayeva bildirib ki, bu günün bəlaları, fəlakətləri heç də həmişə həmin günlə və dövrlə bağlı olmur.
"Əgər o zamanlar Mirzə Cəlil, Ömər Faiq, Məhəmməd ağa Şaxtaxtlı və s. olmasaydı, bizim məğlubiyyətimiz tarixi məğlubiyyət olardı. Amma indi biz tarixən qalib gəlmişik. O vaxt məhz Mirzə Cəlillər, Şaxtaxtlılar, Əli bəy kimi insanlar Azərbaycandilli, türkdilli qəzetlər çap edirdilər. Bu, böyük hadisə idi. Bu, böyük şücaət, hünər idi. Çünki o zaman çar Rusiyasında belə hünərə malik olan və Azərbaycan millətinə xidmət edən insanlar arxasız idilər. Onlar hökumət tərəfindən dəstəklənmirdilər, amma onların qəlbi, ürəyi onlara əsas dəstəyi verirdi. Bu da təbii ki, vətənpərvərlik idi", - rektor qeyd edib.
Nəsir İmanquliyevi də belə bir məktəbin yetirməsi sayan Paşayeva bildirib ki, babası Mirzə Cəlil ənənələrini öz fəaliyyətində əks etdirib.
O deyib ki, əgər Mircəlal müəllim Mirzə Cəlil ənənələrini ədəbiyyatda davam etdirirdisə, Nəsir İmanquliyev bu ənənələri jurnalistikada, mətbuatda davam etdirib.
"O da 1958-ci ildə "Bakı" və "Baku" qəzetlərinin açılmasına görə Moskvaya, Sovet hökumətinə müraciət etmişdi. O vaxt ona kömək edənlər arasında Şıxəli Qurbanovun adını yada salmalıyıq. Çünki hər hansı tarixi hadisə tək bir insanın fədakarlığı bahasına başa gələ bilməz. Hər bir insan ətrafına ziyalıları yığmalıdır ki, böyük bir iş ərsəyə gəlsin. Tək əldən səs çıxmaz. Mirzə Cəlil də belə etmişdi, ətrafına naşirləri, yazıçıları, şairləri yığmışdı. Nəsir müəllim də "Bakı" və "Baku" qəzetlərində böyük bir dəstə yaratdı", - Paşayeva deyib.
O deyib ki, Nəsir İmanquliyev böyük peşəkar idi. Buna görə də çəkinmədən ətrafına istedadlıları yığırdı.
Nəsir İmanquliyevi böyük jurnalist, pedaqoq və ictimai xadim sayan Paşayeva deyib ki, o, həm də məhsuldar redaktor idi.
Onun sözlərinə görə, Nəsir müəllim hər gün işdən evə qayıdandan sonra gecə saat 2-3-ə kimi çalışardı. O, qəzetin bütün mətnlərini özü yoxlayardı.
"Elə olmazdı ki, gün ərzində baş verən hadisə onun qəzetində öz əksini tapmasın. Bu gün hər kəs internet vasitəsilə baş verən hadisələri izləyir, amma o vaxt internet yox idi. Məhz "Bakı" və "Baku" qəzetləri gündəlik hadisələrdən, vəziyyətdən xəbər verirdi. Bu, elə də asan iş deyildi", - Paşayeva bildirib.
O qeyd edib ki, jurnalist öz işinə fasilə verə bilməzdi. Nəsir müəllim də fasiləsiz fəaliyyət göstərən peşəkar jurnalist idi.
Ömrünün çox hissəsini babasının yanında keçirdiyini deyən Paşayeva uşaqlıq illərində onunla birgə tez-tez ictimai tədbirlərə getdiyini də söyləyib.
"Mənim üzərimdə Nəsir müəllimin haqqı çox böyükdür. Yadımdadır ki, o, uşaqlıqda məni çox tez-tez ictimai tədbirlərə aparardı. Mən o vaxt Niyazi, Şövkət Ələkbərova, Qara Qarayevlə və digər böyük simalarla ona görə tanış oldum ki, onlarla məni Nəsir müəllim tanış etmişdi", - rektor qeyd edib.
Paşayeva bildirib ki, Nəsir müəllim böyük nəslin ağsaqqalı, himayədarı idi.
"Nəsir müəllim respublikamızın təbabət elmində böyük nailiyyətlər əldə etmiş Tağızadələr ailəsinin dayısı idi. Onun böyük bacısının uşaqları görkəmli alimlər, həkimlər idilər", - Paşayeva qeyd edib.
Konfransda çıxş edən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli isə təklif edib ki, Nəsir İmanquliyevin baş redaktoru olduğu, hazırda ciddi maliyyə problemi ilə üzləşən "Bakı" və "Baku" qəzetlərinin yenidən axşam qəzeti kimi çap edilməsi üçün ölkə rəhbərliyinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilsin.
Məmmədlinin bu təklifi qəbul edilib.
Konfransda BDU-nun rektoru Abel Məhərrəmov, AzərTAc informasiya agentliyinin baş direktoru Aslan Aslanov, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, universitetin Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, fakültənin qocaman müəllimi Şirməmməd Hüseynov və digərləri Nəsir İmanquliyevin həyat və yaradıcılığı haqqında danışıblar.