Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
"SABAH-ın könüllüsü" tərəfindən Bakı şəhərindəki 7 ali təhsil müəssisəsində Bakı-2015 1-ci Avropa Oyunlarına dəstək tədbirləri keçirilir.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, "SABAH Könüllü Həftəsi" çərçivəsində 23-30 aprel 2015-ci il tarixlərində keçirilən tədbirlərdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universitetinin SABAH qruplarında təhsil alan yüzlərlə tələbəsi iştirak edir. "SABAH-ın könüllüsü"nün ideyaları əsasında təşkil olunan idman və intellektual yarışlar, müsabiqə, aksiya "fleşmob"lar Bakı-2015 Avropa Oyunlarına dəstək xarakteri daşıyır.
Təhsildən ayrılmadan təşkil olunan tədbirlər tələbələrin asudə vaxtlarının səmərəli təşkilinə, onların təşkilatçılıq və idarəçilik bacarıqlarının, yaradıcı təfəkkürünün inkişafına imkan yaradacaq.
Qeyd edək ki, "SABAH-ın könüllüsü" olmaq üçün http://sabah.edu.az/az/sabahinkonullusu ünvanına müraciət etmək lazımdır. "SABAH-ın könüllüsü"nün fəaliyyətini SABAH qruplarının rəsmi saytından (www.sabah.edu.gov.az) və "facebook" sosial şəbəkəsindəki rəsmi səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az) izləmək olar.
SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.