...

RF nümayəndə heyətinin rəhbəri: Avropa Oyunları iştirakçılarının yaşayış şəraiti Olimpiya standartlarına tam uyğundur

Baku 2015 : EUROGAMES Materials 10 İyun 2015 18:12 (UTC +04:00)
Bakıda keçiriləcək I Avropa Oyunları iştirakçılarının yaşayış şəraiti Olimpiya standartlarına tamamilə uyğundur.
RF nümayəndə heyətinin rəhbəri: Avropa Oyunları iştirakçılarının yaşayış şəraiti Olimpiya standartlarına tam uyğundur

Azərbaycan, Bakı, 10 iyun /Trend/

Bakıda keçiriləcək I Avropa Oyunları iştirakçılarının yaşayış şəraiti Olimpiya standartlarına tamamilə uyğundur. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikov deyib.

O bildirib ki, bütün şərait spartasayağıdır: "Şərtlər hamı üçün eynidir - hər otaqda iki nəfər yerləşdirilib. Otaqlarda televizor yoxdur, əvəzində hər mənzil blokunun özünün routeri var. Heç kim internetsiz qalmayacaq. Ümid edirəm ki, heç kim vaxtının çox hissəsini internetdə keçirməyəcək. Məşqlər daha vacibdir".

İ.Kazikovun sözlərinə görə, qidalanma da Beynəlxalq Olimpiya Komitəsinin tələblərinə uyğundur: "Olimpiada iştirakçısının qidası qara kürü və balıq, restoran yeməkləri deyil. Lakin yeməklər ərzaqların seçiminə və kalori dəyərinə görə Beynəlxalq Olimpiya Komitəsinin tələblərinə uyğundur".

Nümayəndə heyətinin rəhbəri Azərbaycan sakinlərinin qonaqpərvərliyini də qeyd edib: "Bir çoxu küçədə Rusiya formasını görüb bizə yaxınlaşır. Öz dəstəyini dilə gətirir və bizə azarkeşlik edəcəklərini söyləyirlər. Ümid edirik ki, Azərbaycan idmançıları liderlər sırasında olacaq. Biz də onlara azarkeşlik edəcəyik".

Atletlər kəndinin ərazisində fəaliyyət göstərən əsas yeməkxananın menecerlərindən biri TASS agentliyinə müsahibəsində bildirib ki, qonaqların əksəriyyəti ənənəvi italyan pasta və pizzasına üstünlük verir: "Ancaq bu yeməklər təklif etdiyimiz çeşidin yalnız kiçik bir hissəsini təşkil edir. Gün ərzində təqribən 900 yemək hazırlayırıq ki, onların çeşidi hər 8 gündən bir dəyişir. Qaytarılan boş məcməyilərdən belə qənaətə gəlirik ki, idmançılar hazırladığımız yeməkləri bəyənir və bizdən razı qalırlar".

Gün ərzində yeyilən ətin və makaron məhsullarının, içilən suyun miqdarı ilə bağlı agentliyin ünvanladığı sualı həmsöhbət cavablandırmayıb. Buna səbəb bu məlumatların məxfi olmasıdır.

Onun sözlərinə görə, idmançılar milli mətbəxə maraq göstərirlər. Buna görə yalnız xüsusi restoranda deyil, əsas yeməkxananın özündə də Azərbaycan yeməkləri təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti