...

Aygün Kazımova kimi bir məktəb görmüş iştirakçı "Eurovision"da uğur qazana bilər - Namiq Qaraçuxurlu

Mədəniyyət Materials 15 Yanvar 2011 16:33 (UTC +04:00)
Bu ilin mayında Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Eurovision-2011" mahnı müsabiqəsində təmsil etmək üçün İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV)
Aygün Kazımova kimi bir məktəb görmüş iştirakçı "Eurovision"da uğur qazana bilər - Namiq Qaraçuxurlu

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Bu ilin mayında Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Eurovision-2011" mahnı müsabiqəsində təmsil etmək üçün İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV)

təşkil olunan milli seçimlərə qatılan və tamaşaçıların, eləcədə münsiflərin qərarı ilə yarımfinala vəsiqə qazanmış 9 iştirakçının canlı yayımla nümayiş olunan konsertləri 14 yanvar tarixində sona çatdı. İştirakçılar - İlqarə İbrahimova, Aynişan Quliyeva, Eldar Qasımov, Çingiz Mustafayev, Günay İbrahimli, Nurlan Növrəsli, Arzum, Nigar Camal və İlhamə Qasımova əsl rəqib olduqlarını sübut etdilər. Tamaşaçıların sms-ləri sayəsində finala keçən beş iştirakçı İlhamə Qasımova, İlqarə İbrahimova, Nurlan Növrəsli, Aynişan Quliyeva və Arzum Xəlilova oldu.

Azərbaycanın xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimova seçim turlarının birinci mərhələsində adını qaliblər sırasına yazdırıb, yarımfinala keçmək şansı qazananda Kazımovlar ailəsinin yaxın dostu meyxanaçı Namiq Qaraçuxurludan onun uğuru barədə fikir öyrənmişdik. Gün ərzində Aygün xanımla əlaqə saxlamağa çalışsaq da, köməkçisi Almaz xalq artistinin dünənki həyacanı dəf etməkdən ötrü hələ də dincəldiyini söylədi. Ona görə də tərəddüd etmədən, ötən dəfə olduğu kimi, yenə Namiqlə əlaqə saxladıq. O, Trend Life-a açıqlamasında bunları dedi: "Dünən İlqarəni bu möhtəşəm qalibiyyətə imza atdığına görə təbrik edən əzizlərindən biri də mən oldum, amma bir daha onun əvəzinə sevindiyimi oxucularla bölüşmək istəyirəm. Düzünü demək lazımdırsa, "Məstan"ı lap birinci mərhələdə iştirak etdiyi zaman, dostlarımla birlikdə göndərdiyimiz sms-lərlə dəstəkləmişdik. Amma bu dəfə belə olmadı. Dostlarımızla qərar verdik ki, bu dəfə seçmək imkanını tamaşaçılar özləri etsinlər. Baxmayaraq ki, dözməyib, az da olsa,  sms göndərdim. Nəzərə alsaq ki, İlqarənin adına açılmış nömrəyə 30 mindən artıq səs gəlmişdi, demək xalqın seçimi də bizim istəyimizlə üst-üstə düşdü", - Namiq Qaraçuxurlu dedi.

Aygün Kazımovanın yaxın dostu və duet ortağı qətiyyətlə bildirdi ki, İlqarə Azərbaycan adından "Eurovision"a göndərilə biləcək ən layiqli namizəddir. "Bu faktdır ki, İlqarə digər iştirakçılarla müqayisədə mənə daha əziz olan insandır. Və ola bilər ki, doğma bildiyim "Məstan"ın səhnədəki hansısa qüsurunu görməyim. Çalışdım ki, həftəboyu onu səs, görünüş baxımından rəqibləriylə müqayisə edim. Amma görünən o idi ki, mənim gözümdə İlqarə hamıdan güclü idi. Çox istərdim ki, məhz sənətə böyük məhəbbəti olan, səhnədə iddialı olan İlqarə İbrahimova vətənimizi Avropanın çox mötəbər mahnı müsabiqəsində təmsil etsin. Sizcə, Aygün Kazımova kimi bir məktəb görmüş iştirakçı, "Eurovision"da uğur qazana bilməz? Əlbəttə əgər İlqarəni Almaniya göndərsək, qələbə bizimlə olar. Məlum olduğu kimi seçilən iştirakçı, böyük bir komanda ilə işləməyə başlayır. Və Aygün xanım kimi peşəkar müğənninin də bu komanda da olma ehtimalı bizim üçün böyük uğur ola bilər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu dediklərim mənim subyektiv fikrimdir. Münsiflər heyətinin verəcəyi qərarı, eləcə də final konsertini tamaşaçılardan biri kimi mən də səbrsizliklə gözləyirəm. İnşallah, ən layiqli namizəd kimdirsə, biz də onu dəstəkləyərik", - Qaraçuxurlu əlavə etdi.   

Final mərhələsinin fevralın 3-də keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti