...

İbrahim Tatlısəsin 1993-cü ildə oxuduğu mahnı bəstəkarlar Gövhər Həsənzadə ilə Murad Arif arasında qarşıdurmaya səbəb oldu (VİDEO)

Mədəniyyət Materials 17 Mart 2011 17:17 (UTC +04:00)
Daim yeniliyə can atan tanınmış Azərbaycan tele-aparıcısı, radio dj, eləcə də bəstəkar-şoumen Murad Arifin əli yenə dinc durmayıb.
İbrahim Tatlısəsin 1993-cü ildə oxuduğu mahnı bəstəkarlar Gövhər Həsənzadə ilə Murad Arif arasında qarşıdurmaya səbəb oldu (VİDEO)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Ş.Cavadsoy/

Daim yeniliyə can atan tanınmış Azərbaycan tele-aparıcısı, radio dj, eləcə də bəstəkar-şoumen Murad Arifin əli yenə dinc durmayıb. Belə ki, bir neçə vaxt bundan əvvəl o, "Facebook" sosial şəbəkəsindəki səhifəsinə "Bu videodakı qızı tanıyırsınızmı?" başlığı ilə videolink yükləyib. Qeyd edək ki, əməkdar artist Baloğlan Əşrəfov türk musiqinin imperatoru İbrahim Tatlısəsin 1993-cü ildə ifa etdiyi "Haydı söyle" türk mahnısını özününküləşdirərək oxuyub və həmin ildə də mahnıya ekran həyatı verib. Linkə yazılmış şərhlərin bəzilərində istifadəçilər Baloğlan müəllimin klipində onun tərəf müqabili kimi rol alan xanımın əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Gövhər Həsənzadə olduğunu yazıblar. Bəstəkarın piar-meneceri Ceyran Nəriman Trend-ə açıqlamasında sosial şəbəkədə yerləşdirilmiş həmin videolinkə kəskin şəkildə münasibət bildirdi.

"Gövhər xanımın adı ilə bağlı olan bu məlumat çox yersiz və lazımsızdır. Çünki əməkdar incəsənət xadimi Gövhər Həsənzadə şou-biznesin içində olsa da nə müğənni, nə də aktyor, nə də model deyil ki, barəsində, onun keçmişdə necə görünməsi ilə bağlı araşdırılma aparılsın və bu informasiya kiməsə maraqlı olsun. Bu tip antireklamlara onun heç zaman ehtiyacı olmayıb. Murad Arifin "Facebook"da bu "tapıntısı"nı gündəmə gətirməsi, dediyim kimi yersizdir. Təsir edən odur ki, yerləşdirilən fotoya istifadəçilər müxtəlif şərhlər yazıblar. Yazılan şərhlər də qətiyyən bəstəkarı narahat etmir. Belə ki, Gövhər Həsənzadə bu vaxta qədər yalnız öz yaradıcılığındakı uğurlarına görə gündəmə gəlib. "Eurovision" mahnı müsabiqəsində Samir Cavadzadə ilə Elnur Hüseynovun timsalında Azərbaycanın ilk dəfə uğurla təmsil olunması məhz onun adı ilə bağlıdır. İddialara görə, guya Gövhər xanım aktrisa kimi illər öncə əməkdar artist Baloğlan Əşrəfovun klipinə çəkilib. Vurğulamaq istərdik ki, klipdə rol alan aktrisa Gövhər xanım deyil və ümumiyyətlə o, heç bir klipdə çəkilməyib. Həm də bəstəkar fotomodel deyil ki, onun illər öncə necə görünməsi kiməsə maraqlı olsun. Hər hansı informasiyanı yerləşdirməzdən öncə onu yoxlamaq lazım idi. Maşallah, görürük ki, Murad Arif araşdırma aparmaqda mahirdir. Bəs nə səbəbdən bu "tapıntı"sını sona qədər araşdırmayıb? Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Muradın həm mənimlə, həm də Gövhər xanımla ayrıca dost münasibəti var. Ən azından zəng edib bizdən soruşa bilərdi, klipdəki qız kimdir. Düzü, Muraddan bunu gözləməzdik. Hamıya məlumdur ki, Gövhər xanım görünüşünə görə deyil, mahnılarına, ən başlıcası, məhsuldar yaradıcılığına, Azərbaycan musiqisini ölkəmizin hüdudlarından kənarda layiqincə təmsil etdiyinə görə Gövhər Həsənzadə olub", - PR-menecer belə dedi.

Yerləşdirilmiş link Muradın sosial şəbəkəsindəki səhifəsindən silinsə də, Youtube-da hələ də qalmaqdadır. Trend-ə açıqlama verməkdən çəkinməyən Murad, adının növbəti qalmaqalda hallanması ilə bağlı bunları söylədi. "Gövhər xanımla bir yerdə linki açıb, videonu kompüterə yükləyərək doyunca baxıb-gülmüşük. Elə "Facebook"da açıqlama gətirdik ki, bu Gövhər Həsənzadə deyil. Özü də cəmi 15 dəqiqə Baloğlan Əşrəfovun klipinin linki mənim səhifəmdə qalmışdı. Sonra dərhal sildim-getdi. Gövhər xanımın PR-menecerinin sizin vasitəsinizlə mənə ünvanladığı gecikmiş müdaxiləsi məni yalnız güldürə bilər. Gövhər Həsənzadəni dostlarımdan biri kimi çox sevirəm. Əminəm ki, bu istək qarşılıqlıdır", - Murad Arif dedi.

18 il bundan əvvəl çəkilmiş və iki bəstəkar arasında qarşıdurma yaradan həmin klipi sizə təqdim edirik.

Xəbər lenti

Xəbər lenti