...

Tamaşaçılar səhnədə əsl türk oğlunu görəcəklər - müğənni Əhməd Şəfəq (FOTO)

Mədəniyyət Materials 18 Mart 2011 16:49 (UTC +04:00)
Martın 18-də Heydər Əliyev Sarayının səhnəsində Türkiyənin tanınmış müğənnisi, vətəninə bağlılığı ilə həmkarlarından seçilən Əhməd Şəfəq (Ahmet Şafak) növbəti solo-konsert proqramı ilə bakılı pərəstişkarlarının görüşünə gələcək
Tamaşaçılar səhnədə əsl türk oğlunu görəcəklər - müğənni Əhməd Şəfəq (FOTO)

Azərbaycan, Bakı, 18 mart /Trend, Ş.Cavadsoy/

Martın 18-də Heydər Əliyev Sarayının səhnəsində Türkiyənin tanınmış müğənnisi, vətəninə bağlılığı ilə həmkarlarından seçilən Əhməd Şəfəq (Ahmet Şafak) növbəti solo-konsert proqramı ilə bakılı pərəstişkarlarının görüşünə gələcək. Konsertdən bir neçə saat öncə isə o, KİV nümayəndələri ilə görüşüb təəssüratlarını bölüşdü. Beynəlxalq Mətbuat Mərkəzində (BMM) baş tutan görüşdə giriş nitqi ilə çıxış edən filologiya elmlər namizədi, tanınmış publisist Sona Vəliyeva Türkiyə müğənnisinin Azərbaycana olan sevgisi haqqında ətraflı məlumat verərək, onun çoxşaxəli yaradıcılığının detallarını jurnalistlərin diqqətinə çatdırdı. Şəfəqin özü isə 2004-cü ildən Azərbaycana gəlib-getdiyini desə də, ilk dəfə jurnalistlərlə görüşməsindən məmnun olduğunu diqqətə çatdırdı. Trend-ə açıqlamasında Türkiyə və Azərbaycan xalqlarını oğuz türkləri kimi bir-birindən ayırmadığını deyən müğənni, ortaq mədəniyyətimizə xidmət edən missiyasını davam etdirəcəyindən də qürurla danışdı.

"Konsertin adını təsadüfən "İki bədəndə bir can" qoymamışıq. Mən canımla, qanımla, bütün varlığımla Azərbaycana bağlıyam. Burada özümü əsla qonaq kimi hiss etmirəm. Və sevinirəm ki, hər gəlişim mənim üçün bir bayrama çevrilir. Konsertimin maraqlı keçəcəyinə ümidvaram. Repertuarıma gəldikdə isə həm sonuncu albomum, həm də bu vaxta qədər ifa etdiyim mahnılarımı səsləndirməyə çalışacağam. Fonoqramdan istifadə etməyəcəyəm. Çünki geniştərkibli orkestrin üzvləri də mənimlə bərabər Bakıya gəliblər. Bir sözlə, tamaşaçılar səhnədə əsl türk oğlunu görəcəklər ", - Şəfəq dedi.

Azəri-Türk Qadınlar Birliyinin təşkilatçılığı ilə baş tutacaq konsertdə müğənninin 30-a yaxın mahnı ifa edəcəyi gözlənilir. O, həmçinin, konsert zamanı Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva ilə duet oxumağı planlaşdırıb. "Tünzalə xanım yaxın dostlarımdan biridir. Çox şadam ki, dəvətimi qəbul etdi. Və biz onunla iki mahnı ifa edəcəyik", - Şəfəq əlavə etdi.

Tədbirdə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, o cümlədən bir neçə ziyalısı Azərbaycan ilə yanaşı, Nuriyye Atabey,Metin Özkan, Doğan Şentürk, Mehmet Tezkan, Murat İde, Mehmet Müftüoğlu kimi tanınmış türk jurnalistləri də iştirak edirdilər.

Qeyd edək ki, konsert xeyriyyə məqsədilə keçirilir və əldə olunacaq maddi vəsait fiziki qüsurlu uşaqlar üçün xərclənəcək. Konsert Türkiyənin bir neçə telekanalı ilə canlı nümayiş olunacaq.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti