...

Aygün Kazımova səhnəni alışdırdı (FOTO)

Mədəniyyət Materials 1 Avqust 2011 13:51 (UTC +04:00)
Ay kimi gözəl, gün kimi parlaq Azərbaycanın xalq artisti, estradanın pop-divası Aygün Kazımova pərəstişkarları qarşısında bu yayın ilk konserti ilə çıxış etdi.
Aygün Kazımova səhnəni alışdırdı (FOTO)

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Ş.Cavadsoy/

Ay kimi gözəl, gün kimi parlaq Azərbaycanın xalq artisti, estradanın pop-divası Aygün Kazımova pərəstişkarları qarşısında bu yayın ilk konserti ilə çıxış etdi. Səhnədəki işıq effekləri, alovlar hər zamankı kimi əsl şounun olacağından xəbər verirdi. Bakının Novxanı kəndində yerləşən "Aqua-Park" istirahət mərkəzində - açıq havada baş tutan "Aygünlü gecə"nin aparıcılığı "Space TV"nin tanınmış simalarından biri Lətafət Ələkbərovaya həvalə olunmuşdu. Bu tədbiri yay mövsümü ilə əlaqədar yayımı dayandırılan "Extreme" realiti-şousunun iştirakçılarının növbəti yığıncağı kimi də qiymətləndirmək olardı. Başda layihənin aparıcısı Emin Əhmədov olmaqla şounun iştirakçıları reper ABD Maliklə eyni səhnəni bölüşəcək Aygün xanıma dəstək məqsədilə konsertə təşrif buyurmuşdular. Əsas təşkilatçılıq isə "Endemol Azərbaycan production" - şəxsən prodakşının rəhbəri Sənan Abdullayev və tanınmış türkiyəli prodüser Kemal Cenk İçten tərəfindən reallaşdırılmışdı.

Saat 21:00-da səhnəyə çıxacağı gözlənilən Kazımova iki saat yarımdan sonra meydanda göründü. O vaxta qədər isə öncə dj ED, ardından isə ABD Malik fərqli səhnə performansı nümayiş etdirdilər. Türkiyədə yaşayan modelyer dostu Ramazzo, meneceri Ülvi Hadıyev (Şyaba) və stilist Anar Ağakişiyevin müşayiəti ilə səhnəyə doğru addımlayan pop-divanın həqiqətən yeniləşən imicinin şahidi oluruq. Uzun saçları, gözqamaşdıran yaşıl rəngli paltarı ilə diqqətləri üzərinə çəkən müğənni bir saat boyunca səhnədə əsl şou göstərdi. Repertuarındakı mahnılarını əzbərdən oxuyan fanatları ilə xoş dəqiqələr keçirən xalq artisti elə şən atmosfer yaratdı ki, tamaşaçılar onun səhnəyə gec çıxmasının fərqinə belə varmadılar. Müqayisə etsək, yanılmarıq: səhnədəki sanki dünyaca məşhur pop-ulduz Beyonce idi. Bu fikrimizin yeganə təsdiqi təqdim etdiyimiz fotolardır. Baxmayaraq ki, "Milli Beyonce" yaşca əcnəbi ulduzdan bir az böyükdür, amma gözəlliyi ilə onu kölgədə qoymağın öhdəsindən artıqlamasıyla gəldi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti