...

Avtomobil qazanan Rəqsanə qonaqlıq verir (FOTO)

Mədəniyyət Materials 17 Oktyabr 2011 18:37 (UTC +04:00)
Space TV-də 5 həftə boyunca davam edən "Bermud üçbucağı" realiti-şousu möhtəşəm finalla sona çatdı.
Avtomobil qazanan Rəqsanə qonaqlıq verir (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Space TV-də 5 həftə boyunca davam edən "Bermud üçbucağı" realiti-şousu möhtəşəm finalla sona çatdı. Müğənni Rəqsanə İsmayılova dözümlülük və əzm nümayiş etdirməklə, eləcə də tamaşaçıların göndərdiyi SMS-lərə görə layihənin birincisi oldu və avtomobil qazandı.

Layihənin şərtlərinə görə, realiti-şounun finalına vəsiqə qazanan 4 iştirakçı - Space TV-də "Canlı pul", eləcə də Yevlax rayonunda fəaliyyət göstərən El TV regional televiziyasından yayımlanan "Başlanğıc+" əyləncəli-şousunun aparıcısı İlhan Özbay, müğənnilər - Emma Ələkbərzadə, Rəqsanə İsmayılova və Xəyalə Manaflı studiyada qurulmuş üçbucaqlı səhnəni 36 saat tərk etməməli idilər. Su içmək, qidalanmaq, eləcə də digər ehtiyacları ödəmək isə hər bir iştirakçıya elə də asan başa gəlmədi. Belə ki, təşkilatçılar iştiraçıların adına nümunə olaraq 5 min manat pul ayırmışdı ki, onlar ehtiyaclarını ödəməkdən ötrü yalnız bu pullardan istifadə edə bilərdilər - bir bardaq suyun dəyəri 250, bir nəfərlik yeməyin 500, bir yastığın qiyməti 250 manat civarında müəyyənləşdirilmişdi. Bir amal var, o da az pul xərcləməklə, layihənin sonuna qədər mübarizə aparmaq. İştirakçıların ayaqyoluna getməsinə də məhdudiyyət qoyulmuşdu - 5 saatdan bir cəmi 5-8 dəqiqə. Saatlar azaldıqca ayaqyoluna getməyin 1 dəqiqəsi 200 manatla hesablanırdı.

Final çəkilişində iştirakçılara dəstək olmaq məqsədilə Space TV-yə yollandıq. Studiyada iştirakçılardan ikisi Rəqsanə və Xəyalənin mübarizə apardığını görüncə, sözsüz ki, suallarımız yarandı. Nəzarətçi həkimlərin müşahidə apardığı küncdə qoyulmuş xəstə çarpayısında İlhan Özbayın dərin yuxuya getməsi də diqqətimizdən yayınmadı. İştirakçıların sayının az olması səbəbini Trend oxucuları üçün "Bermud üçbucağı" şousunun ideya müəllifi, illərdən bəri Azərbaycan teleməkanında bir-birindən maraqlı layihələri ərsəyə gətirən tanınmış türkiyəli prodüser Kemal Cenk İçten belə izah etdi.

"Çəkilişlər başlayandan üç saat sonra Emma xanım, öz istəyi ilə üçbucağı tərk etdi. İlhan isə yuxusuz olduğunu əsas gətirib, mübarizəsini dayandırdı. Rəqsanə və Xəyalə isə hələ də dözüm nümayiş etdirirlər. Onların ikisinin də qalib olmalarını istərdim. Heyif ki, tamaşaçı seçimi ilə şoumuzun lideri müəyyənləşəcək", - Cenk belə dedi.

Ac və yuxusuz olmalarına baxmayaraq, bir saatdan artıq qonağı olan media mənsubları ilə səmimi şəkildə söhbətləşən xanım müğənnilər iddialarından danışdılar. Məlum oldu ki, öz aralarında belə qərara gəliblər ki, kim qalib olsa, qonaqlıq təşkil edib yaradıcı heyəti bir araya toplayacaq.

Maraqlı açıqlamaları ilə həmişə gündəmdə olan Rəqsanənin qalib gələcəyi təqdirdə xingəl qonaqlığı verəcəyi daha nəzərəçarpan oldu. Onu da bildirək ki, mübarizə vaxtı həm Rəqsanə, həm də Xəyalə uduş fondundan xəbərsiz idilər. Yalnız dünən gecə məlum olub ki, daha çox səs toplayan Rəqsanənin hədiyyəsi avtomobil olub. Bu səbəbdən də müğənni evində təşkilatçılar və şounu ərsəyə gətirən yaradıcı heyət üçün xingəl süzüb qonaqlıq verir. Müğənninin prodüseri Təranə Səmədova Trend-ə açıqlamasında qonaqlığın təşkil edildiyini təsqdiqlədi.

Aparıcısı Mikayıl Güləddinoğlu, prodüseri Roland Bayramov, müəllifi isə Arzu Əsgərqızının olduğu "Bermud" üçübucağı yaxın həftələrdə yenidən canlı yayımla tamaşaçıların görüşünə gələcək. Təşkilatçıların sözlərinə görə, şounun gələcək buraxılışlarında iştirakçı qismində sənətçilərlə yanaşı, digər peşə sahibləri də mübarizə aparmaq imkanı qazanacaqlar.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti