Azərbaycan, Bakı, 27 mart /Trend/
İsveçin "Eurovision" mahnı müsabiqəsi üçün təmsilçisinin müəyyən olunduğu və artıq kifayət qədər populyarlıq qazanan "Melodifestivalen" yarışmasının keçirildiyi məkan dəyişdirilib.
Trend eurovision.az saytına istinadən xəbər verir ki, bu müsabiqənin 2013-cü ildə "Swedbank Arena"da təşkil olunmasına qərar verilib. Müsabiqə təşkilatçıları məkan dəyişikliyinin səbəbini sözügedən yarışmanın ildən-ilə genişlənməsi ilə əlaqələndiriblər. Bu zamana kimi "Globen Arena"da keçirilən bu müsabiqə növbəti ildən Solna şəhərində tikilən "Swedbank Arena"ya köçəcək.
"Swedbank Arena"nın bu ilin oktyabrın 27-də istifadəyə verilməsi nəzərdə tutulur. Arenanın tamaşaçı tutumu 65000 nəfər olacaq. Ölkənin "Eurovision" mahnı müsabiqəsi üzrə yayımçı televiziya kanalı SVT-nin icraçı direktoru Tomas Per Lund bildirib ki, bu müsabiqə İsveçin həyatında mühüm yer tutur.
"Arenanın tamaşaçı tutumundan istifadə edərək bu sevinci daha çox insanlarla paylaşa bilərik", - Tomas Per Lund bildirib.
"Melodifestivalen 2013"-ün finalının martın 9-da keçirilməsi nəzərdə tutulur.