Azərbaycan, Bakı, 7 may / Trend, müxbir V.İmanov /
Daha çox şanson ifaçısı kimi tanınan Cəlal Abbasov bu gün ad gününü məşqlərdə qeyd edir. Müğənni mayın 20-də Heydər Əliyev Sarayında keçiriləcək solo konsertə hazırlaşır.
"Mən bir neçə dildə müxtəlif çeşidli proqram hazırlamışam. Konsertdə 25 mahnı ifa olunacaq. Onların arasında xalq, klassik və estrada kompozisiyaları var. Həmin mahnılardan 15-i Eldar Mansurov, Vaqif Gərayzadə, Faiq Sücəddinov, Natiq Qəzənfəroğlu, Pərviz Nəsirov, Saşa Ten tərəfindən mənim üçün yazılıb. Mən hələ heç yerdə səslənməyən 5 yeni mahnı təqdim edəcəyəm. Mənimlə birlikdə Xəyyam Mustafazadə, Roza Zərgərli, Elnarə Həsənli, Təranə Mahmudova və Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədova duet ifa edəcəklər", - Abbasov Trend-ə bildirib.
Müğənnini bədii rəhbəri olduğu "Baki gecələri" estrada orkestri müşayiət edəcək.
Cəlal Abbasov 2008-ci ildə keçirilən gənc ifaçıların birinci "Bakı gecələri" müsabiqəsində Qran-Prinin sahibi, eləcə də bir neçə yerli və beynəlxaql musiqi festivallarının iştirakçısı və qalibidir. Bundan bir il sonra Bakının "ÜNS" teatrının səhnəsində "Notterdam" dünya musiqisinin premyerasında Febusu ifa edib. 2009-cu ildə Bakıda bədii gimnastika üzrə 25-ci Avropa çempionatının himnini ifa edib. 2011-ci ildə Türkiyədə TÜRKSOY-un dəstəyi ilə keçirilən "Silifke Musiqi Haftası" layihəsi çərçivəsində xalq və pop musiqisi ifaçılarının 38-ci Beynəlxalq festivalının qalibi olub. Heydər Əliyev Sarayında və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında solo konsertlərlə çıxış edib.