...

Bakıda Təbriz gecəsi keçirilib (FOTO)

Mədəniyyət Materials 4 Avqust 2012 15:09 (UTC +04:00)
Ramazan ayı münasibətilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşkilatçılığı ilə Təbriz-Qaradağ aşıqlarının möhtəşəm gecəsi keçirilib.
Bakıda Təbriz gecəsi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Ramazan ayı münasibətilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin təşkilatçılığı ilə Təbriz-Qaradağ aşıqlarının möhtəşəm gecəsi keçirilib.

Trend-in məlumatına görə, gecədə İctimai Birliyin sədri, millət vəkili Qənirə Paşayeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, folklorşünas Elxan Məmmədli, Təbriz-Qaradağ aşıq, ozan sənətinin ən mahir ifaçıları iştirak ediblər.

Tədbiri folklorşünas Elxan Məmmədli açıb. O, Təbrizə həsrət qaldığımız illərə nəzər salıb və həmin an sanki yaşadığımız ağrı-acıların bir anlıq tədbirin ab-havasına qarışdığını vurğulayıb: "Uzun illər ərzində hər zaman Təbriz haqqında bizim ziyalılarımız, jurnalistlərimiz, yazıçılarımızla söhbət edəndə keçmişdə yaşadığımız ağrı-acıları, kədəri də xatırlayırıq. Amma bu gün bura Təbrizdən qardaşlarımız gəlib və bildiyiniz kimi, sazın və sözün sərhədi olmur. O saz və sözün qüdrəti hər iki Azərbaycanda, həm cənubda, həm də şimalda bir-birinə qaynayıb-qarışan aşıqlar yetişdirib".

Millət vəkili Qənirə Paşayeva əvvəlcə hər kəsi salamlayıb: "Mən bir neçə dəqiqə bundan əvvəl Təbrizdən gələn qardaşlarımızın, aşıqlarımızın "Yaşa, yaşa Azərbaycan!" deməsinə çox duyğulandım və onların "Yaşa, yaşa Azərbaycan!" deyən dilləri, ürəkləri var olsun deyirəm. Bizim bu gecə məhz anamız Təbrizin adını daşıyır. Azərbaycan sözünü ümumiyyətlə Təbrizsiz düşünmək mümkün deyil. Çünki Təbriz bizim qəhrəmanlıq tariximizin, Təbriz bizim musiqimizin, mədəniyyətimizin beşiyidir. Yəni Təbriz millətmizin tarixində misilsiz xidmətləri olan bir şəhərdir, bir paytaxtdır. Ona görə də bu gecə Təbriz adını daşıyır və bizim hər birimiz onun adının ətrafına yğışmışıq. Bu gün bu gözəl sənətçilərimiz, ozanlarımızdır ki, millətin ruhunu, millətin tarixini, millətin yaddaşını bu günə qədər gətirib çıxardan ən böyük gücə malik olan saz-söz sənətimizi yaşadıb inkişaf etdirirlər. Saz və söz sənətimizin daxilində hər şey var: milləti ruhu, millətin kimliyi və tarixi... Onun üçün də mütləq bu mədəniyyətimizi, sazımzı, sözümüzü və muğamlarımızı yüksək səviyyədə qoruyub nəsildən-nəsilə ötürməliyik. Saz və sözün qüdrətinin altında Bakı Təbrizə birləşir, Borçalı Dərbəndə birləşir və bütün türk dünyası birləşir. Yəni bu elə bir gücdür ki, o, idealogiyasından, dinindən, inancından asılı olmayan hər bir azərbaycanlını, hər bir türkü öz çətiri altında birləşdirmək gücünə malikdir. Biz bu gücün gecəsinə toplaşmışıq".

Təbriz-Qaradağ Aşıqlar Birliyinin sədri Böyükbəy Ələkbəroğlu saz və söz sənətinin həm cəbubdan, həm də şimaldan güc aldığını vurğulayıb.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Təbriz-Qaradağ aşıqlarının ifalarının insanı fərqli bir auraya köklədiyini qeyd edib.

Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Dərvişoğlu bu tədbirin Tədbirizi dərk etməyənlərə Təbrizi dərk etdirən bir gün olduğunu söyləyib.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı bizi otaylı, butaylı birləşdirən ən böyük bir məqamın elə ozanın, aşığın, saz və söz sənətinin bizə aşıladığı bir qüvvənin olduğunu vurğulayıb.

Çıxışlardan sonra söz saz havalarına verilib. Təbriz-Qaradağ aşıqları və ozanları öz möhtəşəm ifaları ilə hər kəsi Təbrizli günlərə aparıb.

Tədbirin sonunda Təbriz-Qaradağ aşıqlarına "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB tərəfindən hədiyyələr təqdim edilib.

Xəbər lenti

Xəbər lenti