...

Drezdendə Azərbaycanın gənc bəstəkarlarının iştirakı ilə incəsənət layihəsi təşkil ediləcək

Mədəniyyət Materials 4 Oktyabr 2012 13:40 (UTC +04:00)
Oktyabrın 1-də Almaniyanın Drezden şəhərində "TonLagen" beynəlxalq müasir musiqi festivalı başlanıb.
Drezdendə Azərbaycanın gənc bəstəkarlarının iştirakı ilə incəsənət layihəsi təşkil ediləcək

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Oktyabrın 1-də Almaniyanın Drezden şəhərində "TonLagen" beynəlxalq müasir musiqi festivalı başlanıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 13-dək davam edəcək festival çərçivəsində Azərbaycanın gənc bəstəkarlarının iştirakı ilə incəsənət layihəsi təşkil ediləcək. Layihənin əsas məqsədi ölkəmizin müasir incəsənət potensialını Almaniyada təqdim etmək, iki ölkə arasında mədəni əlaqələrə töhfə vermək və incəsənət xadimləri arasında qarşılıqlı münasibətləri daha da inkişaf etdirməkdən ibarətdir.

Müasir musiqi dünyasında kifayət qədər yüksək nüfuza malik "TonLagen" beynəlxalq müasir musiqi festivalına bu il Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Çin, Danimarka, Estoniya, Fransa, Kanada, İrlandiya, İslandiya, İspaniya, İsveçrə, İtaliya və Yunanıstandan sənətçilər dəvət olunublar. Festivala dəvət edilmiş azərbaycanlı bəstəkarlar - Ayaz Qəmbərli, Firudin Allahverdi, Tahir İbişov, Türkər Qasımzadə (Sinsinnati Universiteti, ABŞ) və Said Qəni (Amsterdam Konservatoriyası, Niderland) yeni əsərləri ilə Azərbaycan müasir musiqi sənətini nümayiş etdirəcəklər.

Bəstəkarların festivalda iştirakını təmin edən "Quinär" incəsənət layihəsi Almaniyada Robert Bosch Fondu, Saksoniya Əyalətinin Mədəniyyət Fondu və HELLERAU - Avropa İncəsənətlər Mərkəzi tərəfindən maliyyə və texniki cəhətdən dəstəklənir. Gənc bəstəkarların layihədə iştirakına Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də dəstək verib.

Layihə oktyabrın 9-da saat 20:00-da Drezdenin HELLERAU - Avropa İncəsənətlər Mərkəzində təqdim ediləcək. Əsərlərin ifası gənc alman rejissor Benyamin Şindler tərəfindən hazırlanmış video-instalyasiya və gənc vokalçı Almut Kühne tərəfindən canlı elektron-improvizasiya ilə müşayiət olunacaq.

Xəbər lenti

Xəbər lenti