Azərbaycan, Bakı, 9 oktyabr /Trend/
Oktyabrın 9-dan 15-dək Muzey Mərkəzinin sərgi qalereyasında Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Muzey Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının əsərlərindən ibarət "İdman-incəsənət" (Sport-Art) sərgisi təşkil olunacaq.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərgidə rəssamların mövzuya aid yeni təsviri sənət əsərləri (rəngkarlıq, qrafika və kiçik həcmli heykəltəraşlıq) nümayiş olunacaq. Milli Olimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş sərginin keçirilməsində məqsəd ölkəmizin idman sahəsində əldə etdiyi nailiyyətlərin incəsənət əsərləri vasitəsilə nümayişi, gənc nəslin idman və incəsənətə marağının artırılmasından ibarətdir.
Hələ qədim dövrlərdən başlayaraq idman mövzusu incəsənətdə geniş yer alıb. Qədim yunan və Roma heykəltəraşlığı nümunələrində, ehramları və məbədləri bəzəyən freskalarda, çini və keramika nümunələrində idman fraqmetlərinə rast gəlinir. İdmanın insan həyatındakı hərtərəfli əhəmiyyətini göstərmək bu sərginin əsas məqsədlərindən biridir. Azərbaycan rəssamlarının müxtəlif nəsillərini təmsil edən görkəmli rəssamların ənənələrinin davamı kimi gənc rəssamların da yaradıcılıq axtarışlarında idman mövzusu önəmli yer tutur.
Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan 15 rəngkarlıq və 1 heykəltəraşlıq əsəri arasında Xalidə Səfərovanın, Arif Qazıyevin, Tofiq Ağababayevin, Nadir Qasımovun və digərlərinin əsərləri ilə başlanan sərginin gənc nəslin nümayəndələrinin müxtəlif üslubda çəkilmiş əsərləri ilə tamamlanması nəzərdə tutulur.